06 iyul 2026 14:12
98

Corc Kluni "Qızıl Şir" mükafatına layiq görülüb

Hollivudun məşhur siması Venesiya Beynəlxalq Kino Festivalının ən ali və fəxri mükafatını alacaq

2026-cı il sentyabrın 2-dən 12-dək keçiriləcək 83-cü Venesiya Beynəlxalq Kino Festivalı çərçivəsində dünyaşöhrətli aktyor, rejissor və prodüser Corc Kluniyə karyerasındakı böyük nailiyyətlərinə görə fəxri "Qızıl Şir" (Golden Lion) mükafatı təqdim olunacaq.

“İki sahil” xəbər verir ki,  festivalın təşkilat komitəsi bu addımla Kluninin müasir kino sənətinə verdiyi çoxşaxəli töhfələri yüksək qiymətləndirdiyini bəyan edib.

Bu qərar festivalın bədii rəhbəri Alberto Barberanın tövsiyəsi əsasında qəbul edilib. A. Barbera Corc Klunini "istedadlı, xarizmatik, ehtiraslı və orijinal bir sənətkar" adlandıraraq, onun öz dərin istedadını müasir kinonun ən parlaq səhifələrindən birinə çevirdiyini vurğulayıb.

Məşhur aktyor təşkilat komitəsinin bu qərarına özünəməxsus zarafatla reaksiya verib: "Venesiya ilə bağlı o qədər möhtəşəm xatirələrim var ki... Bu kino festivalı, şübhəsiz, mənim ən sevdiyim məkandır. Orada 'Qızıl Şir' mükafatına layiq görülmək mənim üçün böyük fəxrdir. Düzdür, bu mükafat yəqin ki, artıq qocaldığım mənasına gəlir, amma mən yenə də onu böyük məmnuniyyətlə qəbul edəcəyəm".