08 iyul 2026 10:33
108

Azərbaycanda audit sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub

Səbuhi Gülməmmədov: Rəqəmsallaşma, süni intellekt və beynəlxalq standartlar audit peşəsinin inkişafında yeni mərhələ formalaşdırır

Azərbaycanda audit sahəsində həyata keçirilən islahatlar, beynəlxalq standartların tətbiqi, rəqəmsallaşma və innovativ yanaşmalar bu peşənin inkişafında yeni mərhələnin əsasını qoyur. Son illərdə ölkədə audit xidmətlərinin əhatə dairəsinin genişlənməsi, maliyyə şəffaflığının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və auditor fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov "İki sahil" qəzetinə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar audit sisteminin inkişafına güclü təkan verib və bu sahənin ölkə iqtisadiyyatındakı strateji rolu daha da möhkəmlənib.

S.Gülməmmədov bildirib ki, son illərdə Azərbaycanda auditor peşəsi yeni dövrün çağırışlarına uyğun olaraq dinamik inkişaf edir. Onun sözlərinə görə, Auditorlar Palatasının fəaliyyəti nəticəsində ölkədə milli audit sistemi formalaşıb, auditor xidmətlərinin həcmi və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Audit şəffaflığın artırılması, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, kölgə iqtisadiyyatının azaldılması, dayanıqlı inkişafa dair hesabatlılığın təmin olunması və bütövlükdə iqtisadi inkişaf baxımından mühüm alətə çevrilib.

İcraçı direktor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində maliyyə və vergi intizamının möhkəmləndirilməsi, hesabatlılığın gücləndirilməsi, "yaşıl iqtisadiyyat" prinsiplərinin tətbiqi və innovasiyaların təşviqi istiqamətində audit sisteminin yenilənməsi məqsədilə Auditorlar Palatası tərəfindən ardıcıl tədbirlər həyata keçirilib.

S.Gülməmmədov vurğulayıb ki, dövlət başçısının audit sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində milli audit sistemi möhkəmlənib, auditor xidmətlərinin keyfiyyəti yüksəlib, maliyyə hesabatlılığının təkmilləşdirilməsi, korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditin rolu əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, beynəlxalq audit standartlarının ölkəmizdə tətbiqi istiqamətində qarşıya qoyulan vəzifələrin uğurla icrası bu inkişafın əsas amillərindən biri olub.

İcraçı direktor Prezident İlham Əliyevin audit xidmətinin əhəmiyyətinə dair fikirlərini xatırladaraq bildirib ki, dövlət başçısı auditin iqtisadiyyatın və regionların inkişafı, qeyri-neft sektoruna investisiyaların cəlbi, sahibkarlığın genişləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi və dövlət vəsaitlərindən səmərəli istifadənin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

S.Gülməmmədov qeyd edib ki, əldə olunan nailiyyətlər Auditorlar Palatasının beynəlxalq əlaqələrinin də əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Hazırda Palata dünyanın 40-dan artıq audit və mühasibatlıq təşkilatı ilə əməkdaşlıq sazişləri, memorandumlar və niyyət protokolları imzalayıb.

O bildirib ki, Auditorlar Palatası 2003-cü ildən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA), 2008-ci ildən isə Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvüdür. Həmçinin IFAC tərəfindən qəbul edilmiş Keyfiyyətə Nəzarət, Audit, Təhlil və digər təsdiqləmə xidmətləri üzrə beynəlxalq standartlar, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi və digər metodiki sənədlər Azərbaycan dilinə tərcümə edilərək auditorların istifadəsinə təqdim olunub.

İcraçı direktor vurğulayıb ki, Auditorlar Palatası ötən 30 il ərzində audit elminin və peşəsinin inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirib. Bu müddətdə audit sahəsinə dair 60 kitab, ali məktəblər üçün "Audit" və "Daxili audit" dərs vəsaitləri, 11 cildlik "Audit. Qanunvericilik və normativ sənədlər" toplusu, sahəvi audit proqramları hazırlanaraq nəşr olunub, "İqtisadiyyat və audit" jurnalı təsis edilib, 50-yə yaxın beynəlxalq elmi-praktik konfrans, forum və simpozium təşkil olunub.

S.Gülməmmədov bildirib ki, əldə olunan uğurlarla yanaşı, qarşıdakı dövr üçün mühüm strateji hədəflər də müəyyənləşdirilib. Onun sözlərinə görə, Auditorlar Palatasının hazırladığı 2021–2030-cu illəri əhatə edən auditin üçüncü inkişaf konsepsiyası auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai etimadın möhkəmləndirilməsi, beynəlxalq təcrübənin daha geniş tətbiqi, rəqəmsal iqtisadiyyat şəraitində innovativ texnologiyaların istifadəsi, auditorların peşəkarlıq səviyyəsinin artırılması, şəffaflığın gücləndirilməsi, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə, eləcə də normativ-hüquqi bazanın təkmilləşdirilməsi kimi əsas istiqamətləri əhatə edir.

O qeyd edib ki, konsepsiyanın əsas məqsədi yalnız mövcud problemlərə reaksiya vermək deyil, həm də gələcəkdə yarana biləcək çağırışların qarşısını qabaqlayıcı yanaşmalarla almaqdır. Sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi qanunvericiliyin təkmilləşdirilməsi, yeni tənzimləyici aktların hazırlanması, təhsil, maarifləndirmə və informasiya təminatı sahəsində kompleks tədbirlərin icrası vasitəsilə təmin olunacaq.

İcraçı direktor vurğulayıb ki, son illər auditor peşəsinə ictimai etimad da davamlı şəkildə artır. Bu etimad iqtisadiyyatda şəffaflığın, hesabatlılığın və sağlam biznes mühitinin formalaşdırılmasında mühüm rol oynayır.

S.Gülməmmədov müsahibəsində audit sahəsinə müsbət təsir göstərən əsas yeniliklərdən də bəhs edib. O bildirib ki, rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron sənəd dövriyyəsinin genişlənməsi, kibertəhlükəsizlik risklərinin idarə olunması və böyük məlumat bazalarının emalı audit fəaliyyətinin keyfiyyətini yüksəldən əsas amillər sırasındadır. Bu yeniliklər auditor peşəsi qarşısında yeni vəzifələr müəyyənləşdirir və auditorlar həmin çağırışlara peşəkar fəaliyyətləri ilə uğurla cavab verirlər.

İcraçı direktor diqqətə çatdırıb ki, Auditorlar Palatası sədrinin 17 aprel 2026-cı il tarixli sərəncamı ilə Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanının icrasından irəli gələn vəzifələrə uyğun olaraq xüsusi Tədbirlər Planı təsdiq edilib. O bildirib ki, 2026–2028-ci illəri əhatə edən bu sənəd ölkədə audit peşəsinə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiyalar istiqamətində yeni yanaşmaların tətbiqini nəzərdə tutur və bu istiqamətlər Auditorlar Palatasının əsas prioritetləri sırasında yer alır.

Yaqut Ağaşahqızı, “İki sahil”