08 iyul 2026 11:45
94

Audit KOB-ların dayanıqlı inkişafı və rəqabət qabiliyyətinin əsas təminatçılarındandır

Səbuhi Gülməmmədov: Audit sahibkara obyektiv baxış qazandırır, biznesin etibarlılığını artırır və sağlam inkişafına xidmət edir

Kiçik və orta sahibkarlığın inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi və rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu prosesdə şəffaf maliyyə idarəçiliyinin, düzgün korporativ yanaşmanın və risklərin effektiv idarə olunmasının təmin edilməsində audit xidmətləri mühüm rol oynayır.

Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov "İki sahil" qəzetinə müsahibəsində kiçik və orta sahibkarlıq subyektləri üçün audit xidmətlərinin əhəmiyyətindən, eləcə də bu istiqamətdə maarifləndirmənin vacibliyindən danışıb.

Səbuhi Gülməmmədov bildirib ki, bu gün kiçik və orta sahibkarlıq subyektləri iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur və onların dayanıqlı inkişafı, rəqabət qabiliyyətinin yüksəldilməsi, eləcə də fəaliyyətində şəffaflığın təmin edilməsi baxımından audit xidmətləri mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, auditə yalnız qanunvericiliyin tələb etdiyi prosedur kimi yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, audit sahibkara öz biznesinə kənardan obyektiv baxmaq imkanı yaradır, maliyyə hesabatlarının etibarlılığını təsdiqləyir və idarəetmədə mövcud risklərin vaxtında müəyyənləşdirilməsinə şərait yaradır.

İcraçı direktor vurğulayıb ki, audit prosesi yalnız maliyyə göstəricilərinin qiymətləndirilməsi ilə məhdudlaşmır. O bildirib ki, audit zamanı daxili nəzarət mexanizmləri, risklərin idarə olunması sistemi və biznes proseslərinin səmərəliliyi də hərtərəfli təhlil edilir. Bu yanaşma sahibkarlara fəaliyyətlərini daha səmərəli təşkil etməyə, resurslardan düzgün istifadə etməyə və gələcək inkişaf strategiyalarını daha möhkəm əsaslar üzərində qurmağa imkan verir.

Səbuhi Gülməmmədov qeyd edib ki, auditdən keçmiş maliyyə hesabatları banklar, investorlar və biznes tərəfdaşları tərəfindən daha yüksək etimadla qəbul olunur. Onun fikrincə, bu amil müəssisələrin maliyyə resurslarına çıxışını asanlaşdırır, investisiya cəlbediciliyini artırır və bazarda etibarlı biznes tərəfdaşı kimi nüfuzunun möhkəmlənməsinə xidmət edir.

İcraçı direktor bildirib ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri audit mədəniyyətinin daha geniş şəkildə formalaşdırılmasıdır. O vurğulayıb ki, bəzi sahibkarlar auditi hələ də əlavə xərc və ya yalnız məcburi prosedur kimi qiymətləndirirlər. Halbuki audit biznesin sağlam inkişafına xidmət edən, risklərin qarşısını alan və daha əsaslandırılmış idarəetmə qərarlarının qəbulunu dəstəkləyən mühüm idarəetmə alətidir.

Səbuhi Gülməmmədov qeyd edib ki, maarifləndirmə tədbirlərinin genişləndirilməsi sahibkarların auditin mahiyyətini daha düzgün dərk etməsinə imkan verəcək. O bildirib ki, audit yalnız nəzarət funksiyası daşımır, əksinə, biznesin inkişafına əlavə dəyər yaradan peşəkar xidmət kimi çıxış edir. Bu baxımdan dövlət qurumlarının, peşəkar audit təşkilatlarının, biznes assosiasiyalarının və ali təhsil müəssisələrinin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, seminarların, təlimlərin, praktiki görüşlərin təşkili və uğurlu təcrübələrin paylaşılması audit xidmətlərinə marağın artmasına, biznes mühitində şəffaflığın və maliyyə intizamının daha da güclənməsinə mühüm töhfə verə bilər.

Müsahibədə vurğulanıb ki, güclü və dayanıqlı biznes təkcə uğurlu ideya və maliyyə imkanları ilə deyil, eyni zamanda peşəkar audit yanaşması, şəffaf maliyyə hesabatlılığı və müasir korporativ idarəetmə prinsipləri əsasında formalaşır. Qeyd olunub ki, auditə yönəldilən vəsait xərc kimi deyil, biznesin təhlükəsizliyinə, etibarlılığına, rəqabət qabiliyyətinə və uzunmüddətli inkişafına qoyulan strateji investisiya kimi qiymətləndirilməlidir.

Yaqut Ağaşahqızı, “İki sahil”