08 iyul 2026 13:20
104

Beynəlxalq Audit Standartları Azərbaycan auditorlarının qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır

Səbuhi Gülməmmədov: Beynəlxalq Audit Standartlarının tətbiqi Azərbaycan auditorlarının beynəlxalq nüfuzunu möhkəmləndirib, investisiya mühitinin cəlbediciliyini yüksəldib

Qlobal iqtisadi sistemdə şəffaflıq, etibarlı maliyyə hesabatlılığı və beynəlxalq standartlara uyğun audit xidmətləri ölkələrin iqtisadi inkişafını və investisiya mühitini müəyyənləşdirən əsas amillər sırasındadır. Bu baxımdan Beynəlxalq Audit Standartlarının tətbiqi yalnız audit fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi deyil, həm də Azərbaycan auditorlarının beynəlxalq peşəkar mühitdə rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov "İki sahil" qəzetinə müsahibəsində bu istiqamətdə əldə olunan nəticələri dəyərləndirib.

Səbuhi Gülməmmədov bildirib ki, Azərbaycan Respublikasında Beynəlxalq Audit Standartlarının rəsmi tətbiqinə 2010-cu il yanvarın 1-dən başlanılıb. O qeyd edib ki, bu qərar ani qəbul olunmayıb, uzunmüddətli hüquqi və institusional inkişafın məntiqi nəticəsi kimi formalaşıb. Səbuhi Gülməmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1994-cü il 16 sentyabr tarixində imzaladığı "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə auditor fəaliyyətinin hüquqi əsaslarını yaradıb, Auditorlar Palatasının beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi isə Beynəlxalq Audit Standartlarının tətbiqi üçün möhkəm institusional zəmin formalaşdırıb.

Səbuhi Gülməmmədov bildirib ki, Beynəlxalq Audit Standartlarının tətbiqi ilk növbədə metodoloji vahidliyi və beynəlxalq tanınmanı təmin edib. Onun sözlərinə görə, BAS dünyanın əksər ölkələrində qəbul edilmiş vahid metodoloji çərçivəyə əsaslandığından Azərbaycan auditorlarının hazırladığı audit hesabatları xarici investorlar, beynəlxalq maliyyə institutları və biznes tərəfdaşları tərəfindən əlavə izahata ehtiyac olmadan qəbul edilir və etibarlı sənəd kimi qiymətləndirilir.

Səbuhi Gülməmmədov qeyd edib ki, beynəlxalq standartlar audit hesabatlarının keyfiyyətini və etibarlılığını da əhəmiyyətli dərəcədə yüksəldib. O bildirib ki, risk əsaslı audit yanaşması, peşəkar skeptisizm prinsipi və ciddi sənədləşdirmə tələbləri audit rəyinin obyektivliyini artırır, nəticədə investorların, kreditorların və digər maraqlı tərəflərin maliyyə hesabatlarına inamı daha da möhkəmlənir.

Səbuhi Gülməmmədov vurğulayıb ki, Beynəlxalq Audit Standartlarının tətbiqi yerli audit şirkətlərinin beynəlxalq layihələrdə və tenderlərdə iştirak imkanlarını da genişləndirib. O qeyd edib ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər nüfuzlu beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrdə BAS-a uyğun audit rəyi əsas tələblərdən biri hesab olunur. Bu isə Azərbaycan audit şirkətlərinə beynəlxalq layihələrdə iştirak etmək və yeni bazarlara çıxış əldə etmək üçün mühüm üstünlüklər qazandırır.

Səbuhi Gülməmmədov bildirib ki, beynəlxalq standartların tətbiqi auditorların peşəkar mobilliyinə də müsbət təsir göstərib. Onun sözlərinə görə, BAS üzrə bilik və praktiki təcrübəyə malik mütəxəssislər regional və beynəlxalq əmək bazarında daha geniş karyera imkanları əldə edir ki, bu da Azərbaycan auditorlarının rəqabət qabiliyyətini daha da gücləndirir.

Səbuhi Gülməmmədov qeyd edib ki, Beynəlxalq Audit Standartlarının tətbiqi kapital bazarlarına inteqrasiyanı da sürətləndirib. O bildirib ki, xarici fond birjalarında listinqə çıxmaq və ya beynəlxalq maliyyə əməliyyatlarında iştirak etmək istəyən Azərbaycan şirkətləri üçün BAS-a uyğun audit rəyi əsas şərtlərdən biridir. Bu baxımdan yerli auditorlar həmin proseslərdə etibarlı və strateji tərəfdaş kimi mühüm rol oynayırlar.

Səbuhi Gülməmmədov vurğulayıb ki, 2010-cu ildən etibarən həyata keçirilən bu islahat yalnız audit metodologiyasının yenilənməsi ilə məhdudlaşmayıb. Onun sözlərinə görə, Beynəlxalq Audit Standartlarının tətbiqi Azərbaycan auditorlarının beynəlxalq peşəkar birliyin bərabərhüquqlu üzvlərinə çevrilməsinə, yerli audit xidmətlərinin ixrac potensialının genişlənməsinə, ölkənin investisiya mühitinin cəlbediciliyinin yüksəlməsinə və milli audit sisteminin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm strateji töhfə verib.

Yaqut Ağaşahqızı, “İki sahil”