13 iyul 2026 21:38
143

Heydər Əliyevə ehtiram əbədidir

Xalqın, dövlətçiliyin tarixi ilə bağlı olan günlər unudulmur. 14 iyul belə günlərdən biridir. 1969-cu ilin 14 iyul günü Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçildiyi gün...

Tarixi şəxsiyyət tarixin axarını xalqının sabahlarına yönəldir. XX əsr dünyəvi siyasət fenomeni olan, tanınan Heydər Əliyev kimi...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın Sovetlər birliyinin tərkibində olduğu dövrlərdə müxtəlif vəzifələrdə işləmişdi, təhlükəsizlik xidməti general-mayoru idi. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilmişdi. Bu tarix sonralar Azərbaycanın ta­rixində bir mərhələnin başlanğıc tarixi oldu.

1969-cu ilin iyulundan sonra Heydər Əliyev milli-mənəvi dəyərlərimizin saxlanıl­ma­sının, inkişafının dövlət səviyyəsində cəfakeşi oldu. Böyük tarixi şəxsiyyət üçün bu gündən daha çox sabahlar vardı. Xalqın min illik tarixinin mahiyyətində də, qa­da­ğalardan boy göstərən istəklərdə də sabahların birində gerçəkləşəcək müstəqilliyin işığı görünürdü.

Heydər Əliyev böyük tarixi şəxsiyyət kimi xalqın sabahlarını şərtləndirən amillər­dən biri kimi hərbi işi görürdü. Azərbaycanın dövlətçilik tarixinin bütün mərhələlərində hərbi səriştə, Azər­baycan naminə döyüş əzmi, hərbi işin dövlət səviyyəsində öyrədilməsi diqqətdə saxlanılırdı. Azər­bay­can Demokratik Respublikası ilhaq etdikdən sonra hərbi mükəlləfiyyət baxımından azər­bay­canlılara qeyri-rəsmi etibar olunmurdu, çağırışçıların əksəriyyəti tikinti hərbi hissələrində xid­mət edirdi. Azərbaycan xalqının hərbi ənənələri də ərazisi kimi ilhaq edilməkdə idi. Onda böyük tarixi şəxsiyyət azərbaycanlı gənclərin sabiq SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasını təmin edə bildi. O illərdə hərbi təhsil almış zabitlər sonralar müstəqil Azərbaycanın ordu qurucu­luğunda, Birinci Qarabağ müharibəsində fəal iştirak etdilər, onlarla zabit döyüşlərdə qəhrə­man­lıqla iştira­kı­na görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. O illərdə orduda xid­mət edən zabitlərin hamısı özünü Heydər Əliyevin kadrı hesab edirdi və bununla qürur du­yur­du; Heydər Əliyev ən böyük azərbaycanlı kimi, böyük tarixi şəxsiyyət kimi müstə­qil Azərbaycanın n­iza­mi ordusunun formalaşmasının təməlini o illərdə qoymuşdu...

Moskvanın ciddi etirazlarına baxmayaraq Heydər Əliyev 1971-ci ildə Bakıda belə göndə­riş­lər üçün ilkin hərbi təhsil bazası da yaratdı: C.Naxçıvanski adına ibtidai hərbi məktəb. Bu məktəbin məzunları da İttifaqın ali hərbi məktəblərində təhsil alırdı. Sonralar, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra müstəqil Azərbaycanın ordu quruculuğunda da, Birinci Qarabağ müharibəsində də iştirak etdilər...

İnkişaf iqtisadiyyatla bağlıdır. O illərdə Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi kimi Azərbaycanın ən güclü respublikalardan biri kimi tanınmasını arzu­la­yır­dı. Azərbaycanda yüngül sənayenin inkişafının başlanğıcı qoyuldu, respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesi başladı.

Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi kimi respublikada, əsasən paytaxtda neçə-neçə sənaye müəssisəsi yara­dılmasının təşəbbüskarı və icraçısı oldu: “Ozon” zavodu, Elekron Hesablayıcı  Ma­şın­lar zavodu, Məişət Kondisionerləri zavodu, Sumqayıt Kompressor zavodu, Üst Trikotaj Fabriki, Bakı Tikiş və Ayaqqabı fabriki, Gəncə Əlvan Metallar Emalı zavodu, Naxçıvan Şüşə Qablar zavodu, Əli-Bayramlı Məişət Cihazları zavodu, ...

Heydər Əliyev ən böyük azərbaycanlı kimi həmişə Azərbaycanı və azərbay­can­lıları düşü­nürdü. Bu düşüncələrin başlıca mahiyyəti Azərbaycanın sabahları ilə bağlı idi, Azərbaycan xalqına dönməz sədaqət idi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapdı. Belə bir təşəb­büs, belə bir ideoloji şücaət xalqımızın tarixində son dərəcədə əhəmiyyətli oldu...

Sevginin, ehtiramın dövrü, mərhələsi olmur. Heydər Əliyev kimi dühalar üçün heç olmur. Bütün siyasi situasiyalarda tarixi şəxsiyyətlər xalqını düşünüb, xalqının dövlətçiliyini düşünüb. Heydər Əliyev o dövrlərdə də Azərbaycan ədəbiyyatına, mədəniy­yə­tinə, incəsənətinə xüsusi diq­qət yetirirdi. Bakıda neçə-neçə ədəbiyyat, incəsənət fə­daisinin - Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlul­zadənin, ...abidəsi ucaldıldı. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul edildi, burada Natəvana abidə qoyuldu. Şuşada Molla Pənah Vaqifin məqbərəsi də bu sevginin təzahürü idi...

Bunlar təkcə sevginin təzahürü deyildi, həm də Azərbaycan ədə­biyyatının dünyəvi ədə­biyyatın, Azərbaycan mədəniyyətinin dünyəvi mədəniyyətin tərkib hissəsi olduğunun təsdiqi idi...

Böyük tarixi şəxsiyyət üçün həmişə bir poetik and olub:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma Vətənimsən,

Ayrılarmı könül candan.

Azərbaycan, Azərbaycan!

Heydər Əliyev xalqın ciddi tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra  Azər­bay­canın dövlət müstəqilliyini xilas etdi, onun iqtisadi inkişafının istiqamətlərini müəyyənləşdirən beynəl­xalq müqavilələrin imzalanması təmin olundu. Bu baxımdan Heydər Əliyev müasir Azər­baycanın dövlətçilik memarıdır. Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlər üzrə uğurla davam etdirir. Hamı, dünya ictimaiyyəti də əmindir ki, Azərbaycanın sabahları daha nurlu olacaqdır...

Böyük tarixi şəxsiyyət Heydər Əliyevə ehtiram əbədi ehtiramdır...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı