13 iyul 2026 23:32
119

Böyük Britaniyada islam tədbirinə mümkün terror təhdidi ilə əlaqədar 12 nəfər saxlanılıb

Böyük Britaniyanın Suffolk qraflığında keçirilən islam tədbirinə yönəlmiş mümkün ifrat sağçı terror təhdidi ilə əlaqədar 12 nəfər saxlanılıb.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, Barham kəndində təşkil olunan “UK Ijtima” tədbiri mümkün təhlükə səbəbindən vaxtından əvvəl başa çatdırılıb.

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, polisin inandırıcı təhlükəyə operativ reaksiyası, şübhəsiz, insanların həyatını xilas edib.

Polisin məlumatına görə, saxlanılanlardan səkkiz kişi 2000-ci il Terrorizm Aktının 41-ci maddəsi əsasında terror fəaliyyəti ilə bağlı şübhələrə görə həbs olunub və hazırda nəzarətdə saxlanılır. Daha üç kişi qətl törətmək məqsədilə sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Bir qadın isə şübhəli şəxslərdən birinin gizlənməsinə kömək etməkdə şübhəli bilinir.

Hazırda saxlanılan şəxslərlə əlaqəli olduğu ehtimal edilən müxtəlif ünvanlarda axtarışlar davam etdirilir.