13 iyul 2026 23:48
110

Qazaxıstan və Çin ticarət dövriyyəsinin ikiqat artırılmasını müzakirə ediblər

Astana və Pekin hərtərəfli strateji tərəfdaşlığın hazırkı vəziyyətini, qarşılıqlı ticarət dövriyyəsinin ikiqat artırılması perspektivlərini və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Çində keçirilən danışıqları Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çinin xarici işlər naziri Van İ aparıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sonuncu görüşümüzdən bəri Qazaxıstan-Çin münasibətləri yüksək dinamikanı qoruyub saxlayır və ikitərəfli əməkdaşlığın bütün sahələrində davamlı inkişaf nümayiş etdirir”, – deyə Yermek Koşerbayev bildirib.

Van İ isə öz növbəsində vurğulayıb ki, Çin Qazaxıstanı daim əsas strateji tərəfdaşlarından biri kimi qiymətləndirir. Onun sözlərinə görə, iki ölkə lideri arasında etibarlı dialoq ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradır.

Qazaxıstanın xarici işlər naziri qeyd edib ki, iki ölkənin dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsinin ikiqat artırılması məqsədinə nail olmaq üçün ardıcıl fəaliyyət göstərirlər. O bildirib ki, Çin Qazaxıstanın ən böyük ticarət tərəfdaşlarından biridir. Ötən il ikitərəfli ticarət dövriyyəsi rekord həddə – 48,7 milyard ABŞ dollarına çatıb.

Tərəflər texnoloji əməkdaşlığın və süni intellekt sahəsində birgə fəaliyyətin genişləndirilməsinə də xüsusi diqqət yetiriblər.

Nazirlər həmçinin regional və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi apararaq BMT, ŞƏT, AQEM, “Mərkəzi Asiya–Çin” formatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Danışıqlardan sonra Yermek Koşerbayev Qazaxıstanın Beynəlxalq Mediasiya Təşkilatına qoşulmasını nəzərdə tutan bu qurumun təsis edilməsi haqqında Konvensiyanı imzalayıb.