14 iyul 2026 15:33
101

Mədəniyyət Nazirliyi "İki sahil" qəzetinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "İki sahil" qəzetinin fəaliyyətə başlamasının 35-ci ildönümü münasibətilə qəzetə təbrik məktubu ünvanlayıb. Həmin təbriki təqdim edirik:

"İki sahil" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı cənab Vüqar Rəhimzadəyə

Hörmətli Vüqar müəllim,

"İki sahil" qəzetinin fəaliyyətə başlamasının 35-ci ildönümü münasibətilə Sizi və kollektivinizi ürəkdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Müasir müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd olan, çağdaş mətbuatımızın yaranması və formalaşmasında məxsusi rol oynayan "İki sahil" qəzeti zəngin inkişaf yolu keçmiş, sözün əsl mənasında, bir mətbuat məktəbinə çevrilmişdir. Fəaliyyətə başladığı gündən "Vahid Azərbaycan uğrunda!" devizinə sadiq qalan qəzet müstəqilliyimizin ilk illərindən milli dövlətçilik ideallarının yaşadılması və təbliğinə mühüm töhfələr vermişdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasətinin sadiq dəstəkçisi kimi tanınan, onun gənc respublikamızın məruz qaldığı xarici və daxili təhdidlərlə mübarizəsində daim yanında olan "İki sahil" bu gün də öz yolunda inamla irəliləyir.

Ulu Öndərin dövlətçilik yolunu bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin media və mətbuata qayğı siyasəti "İki sahil" qəzetinin də inkişafında müstəsna rol oynamışdır. Qəzetin əməkdaşları müxtəlif fəxri ad və mükafatlara layiq görülmüşlər.

Azərbaycan mədəniyyətinin inkişafını və təbliğini daim diqqətdə saxlayan "İki sahil" qəzeti Mədəniyyət Nazirliyinin layihə və tədbirləri ilə bağlı məlumatları davamlı işıqlandırır, oxucular ölkəmizdə və dünyada baş verən mədəni proseslər barədə məlumatları etibarlı mənbə kimi qəzetiniz vasitəsilə əldə edirlər.

Sonda "İki sahil" qəzetinin nəşrə başlamasının 35 illik yubileyi münasibətilə Sizi və bütün əməkdaşlarınızı bir daha səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Nazir müavini
Səadət Yusifova