17 iyul 2026 10:58
84

Ukraynanın 2028-ci ildə Aİ-yə üzv olmaq planı təxirə salınır?

Ukraynanın 2028-ci ildə Avropa İttifaqına tamhüquqlu üzv qəbul edilməsi planının reallaşma ehtimalı olduqca aşağıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Junge Welt" qəzeti məlumat yayıb.

Məlumata görə, bu yaxınlarda Brüsseldə birliyə namizəd ölkələrin — Albaniya, Moldova, Çernoqoriya və Ukraynanın iştirakı ilə Aİ-yə üzvlüklə bağlı genişmiqyaslı konfrans keçirilib. Lakin toplantının nəticələri göstərir ki, hazırda namizədlər arasında yalnız Çernoqoriya üçün nisbətən yaxın gələcəkdə birliyə qəbul olunmaq şansı mövcuddur.

"Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən hədəflənən 2028-ci ildə üzvlük tarixi Brüsseldə qeyri-real hesab olunur. Aİ diplomatları qeyd edirlər ki, Ukraynanın birliyə daxil olması, çox güman ki, 2035-ci ildən tez baş tutmayacaq", — deyə məqalədə vurğulanır.

Avropa Parlamentinin Ukrayna ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Pekka Toveri də bundan əvvəl bənzər bəyanatla çıxış etmişdi. Onun sözlərinə görə, Avropa İttifaqı Ukrayna üçün heç bir halda sürətləndirilmiş üzvlük variantını nəzərdən keçirmir.