17 iyul 2026 16:14
167

Şuşa Qlobal Media Forumu qlobal dəyişikliklərin müzakirə olunduğu beynəlxalq platformadır

 Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin toplaşdığı beynəlxalq platforma deyil, həm də Azərbaycanın strateji baxışlarının, sülh gündəliyinin və inkişaf modelinin dünya ictimaiyyətinə təqdim edildiyi nüfuzlu dialoq məkanına çevrilib. İyulun 13-də Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu müasir informasiya məkanında baş verən qlobal dəyişikliklərin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biri kimi yadda qaldı. Forumun iştirakçı coğrafiyasının hər il genişlənməsi, 53 ölkədən 160 nümayəndənin, onlarla xəbər agentliyinin, media qurumunun və beynəlxalq təşkilatın Şuşada bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, Şuşanın isə qlobal fikir və media diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrilməsinin göstəricisidir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin bu platformada iştirak etməsi artıq Forumun beynəlxalq instituta çevrildiyini təsdiqləyir.

Prezident cənab İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər ölkənin xarici siyasət prioritetləri, təhlükəsizlik strategiyası, enerji diplomatiyası, nəqliyyat-logistika siyasəti və beynəlxalq münasibətlər sistemində tutduğu mövqe barədə geniş təsəvvür formalaşdırır. Cənab Prezident forumun əsas məqsədinin yalnız qlobal media nümayəndələri arasında fikir mübadiləsi olmadığını, eyni zamanda Qarabağın bərpasını yerində nümayiş etdirməkdən ibarət olduğunu vurğuladı. Onun fikrincə, ilk illərdə bölgəyə gələn qonaqlar dağıdılmış şəhərləri görürdülərsə, bu gün artıq yenidən qurulan yaşayış məntəqələri, müasir infrastruktur və doğma torpaqlarına qayıdan sakinlərlə tanış olurlar. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm informasiya komponentidir. Rəsmi Bakı beynəlxalq auditoriyaya yalnız siyasi mövqeyini deyil, həm də bərpa prosesinin real nəticələrini nümayiş etdirməyə çalışır. İnformasiya müharibələrinin davam etdiyi müasir dövrdə həqiqətlərin yerində nümayiş etdirilməsi faktların ən güclü arqumentidir. Azərbaycan xalqının mədəniyyət paytaxtı olan Şuşa artıq təkcə tarixi və mədəni irsin deyil, eyni zamanda beynəlxalq dialoq, əməkdaşlıq və fikir mübadiləsinin mühüm mərkəzinə çevrilib. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda media nümayəndələrinin məsuliyyəti daha da artır və cəmiyyətlərin düzgün məlumatlandırılması qlobal sabitliyin vacib amillərindən birinə çevrilir.Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi tanınır. Ölkə başçısının çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin əhəmiyyətinin daha da artması oldu. Dövlət başçısı vurğuladı ki, tranzit ölkəyə çevrilmək yalnız coğrafi mövqe ilə mümkün deyil. Bunun üçün güclü infrastruktur, qonşularla etibarlı münasibətlər və çoxtərəfli əməkdaşlıq mühiti vacibdir. Azərbaycanın təşəbbüsü ilə yaradılan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Xəzər hövzəsində ən böyük ticarət limanının fəaliyyət göstərməsi, gəmiqayırma sənayesinin inkişafı və limanın ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması istiqamətində aparılan işlər ölkənin regional logistika mərkəzi statusunu daha da möhkəmləndirir. Dövlət başçısının sözlərinə görə, Yaxın Şərqdə davam edən gərginlik və dəyişən geosiyasi reallıqlar Azərbaycanın tranzit əhəmiyyətini daha da artırır. Forumda enerji təhlükəsizliyi məsələləri də əsas mövzulardan biri oldu. Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan hazırda boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir və coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Bu ildən Almaniya və Avstriyaya qaz ixracının başlanması Avropa bazarında Azərbaycanın mövqeyinin daha da gücləndiyini göstərir. Eyni zamanda dövlət başçısı Avropa İttifaqı ilə enerji əməkdaşlığının inkişafı üçün uzunmüddətli müqavilələrin və nəqliyyat infrastrukturunun genişləndirilməsinin vacibliyini xüsusi qeyd etdi. Bu yanaşma Azərbaycanın yalnız enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış etdiyini göstərir.

Çıxışın mühüm hissələrindən biri Azərbaycan-Türkiyə münasibətlərinə həsr olundu. Prezident cənab İlham Əliyev iki ölkənin münasibətlərini təkcə dostluq və qardaşlıq deyil, strateji müttəfiqlik modeli kimi qiymətləndirdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirən dövlət başçısı vurğuladı ki, iki ölkədən birinə qarşı təhlükə yaranacağı halda digər tərəf bütün imkanları ilə onun yanında olacaq. Prezident eyni zamanda ABŞ Konqresinin 907-ci düzəlişinin artıq siyasi və hüquqi baxımdan köhnəldiyini bildirərək onun tam ləğv edilməsinin vacibliyini qeyd etdi. Cənab Prezident eyni zamanda  vurğuladı ki, Azərbaycanın döyüş meydanında sübut etdiyi müdafiə qabiliyyəti və diplomatik müstəvidə nümayiş etdirdiyi çeviklik ölkənin artan nüfuzunun əsas səbəblərindəndir. Prezident Donald Tramp administrasiyası ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, rəqəmsal transformasiya, süni intellekt, enerji təhlükəsizliyi, müdafiə sənayesi və investisiyalar üzrə birgə işçi qruplarının yaradılması iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.

Dövlət başçısı Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, Çin şirkətlərinin Azərbaycanda energetika, logistika, yaşıl enerji və sənaye layihələrində fəal iştirak etdiyini bildirdi. Eyni zamanda Özbəkistan, Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğu, Qarabağın bərpasında qardaş ölkələrin fəal iştirak etdiyi vurğulandı.

IV Şuşa Qlobal Media Forumu da bir daha nümayiş etdirdi ki, ölkəmiz qlobal informasiya məkanında dialoqun təşviqi, həqiqətin müdafiəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Şuşadan dünyaya ünvanlanan bu mesajlar Azərbaycanın artan beynəlxalq nüfuzunun, milli maraqlara əsaslanan müstəqil siyasətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının növbəti təsdiqi kimi tarixə düşdü.

Ayaz Cəbrayılov,

YAP Kürdəmir rayon təşkilatının sədri