Uşağın ilk dəfə özünü necə gördüyü, nəyə qadir olduğuna necə inandığı və dəyər hissini necə formalaşdırdığı ən çox ailədə aldığı münasibətdən asılı olur. Valideynlərin davranışları, ünsiyyət tərzi və seçdikləri sözlər illər keçsə də uşağın daxili dünyasında iz buraxa bilir. Məhz buna görə də müasir psixologiyada tərbiyə prosesində istifadə olunan dilin əhəmiyyəti xüsusi vurğulanır.
Araşdırmalar göstərir ki, uşağa verilən emosional dəstək onun özünəinamının, sosial bacarıqlarının və psixoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır. Əksinə, davamlı tənqid, müqayisə və alçaldıcı ifadələr zamanla uşağın özünüdərk prosesinə mənfi təsir göstərərək onun gələcək davranışlarına və qərarlarına da təsirsiz ötüşmür.
Bəs valideynlər hansı sözlərdən çəkinməli, övladları ilə ünsiyyəti necə qurmalıdırlar?

Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bəzən valideynlər fərqinə varmadan övladlarının şəxsiyyətinə və gələcəkdə "mən" konsepsiyasının formalaşmasına ciddi təsir göstərən ifadələr işlədirlər. "Sən heç kimsən", "Səndən adam olmaz", "Bu işi bacarmadın, bunu heç vaxt bacarmayacaqsan", "Atana oxşamısan", "Bibisi kimidir" kimi cümlələr uşağın şüuraltında proqram kimi qalır.
Uşaq bu sözləri dəfələrlə eşitdikdə, onları öz kimliyinin bir hissəsi kimi qəbul etməyə başlayır. Sonradan həyatında hər hansı uğursuzluqla qarşılaşanda həmin proqram avtomatik işə düşür və düşünür: "Anam demişdi", "Atam haqlı idi", "Onsuz da məndə alınmayacaqdı". Beləcə, sanki taleyinin yükünü çiyinlərində daşımağa başlayır. Bu fikirlər illərlə təkrarlandıqca şüuraltında dərin iz buraxır və uşağın özünəinamına ciddi zərbə vurur.
İntizam təhqirlə deyil, qaydalarla qurulur
Psixoloq qeyd etdi ki, belə halların təsiri uşaqlıq dövrü ilə məhdudlaşmır. Yeniyetməlikdə, gənclikdə və hətta yetkin yaşlarda insan uğursuzluqla üzləşəndə uşaqlıqda eşitdiyi həmin sözlər yenidən aktivləşir. Bu isə onun gələcək həyatına təsir edən ən böyük psixoloji travmalardan birinə çevrilə bilər.
Ona görə də valideynlər övladları ilə ünsiyyətdə olarkən təhqiredici, alçaldıcı, onların şəxsiyyətinə və mənlik şüuruna toxunan ifadələrdən çəkinməlidirlər. Tövsiyə olunan budur ki, valideynlər sevgini və qayğıkeşliyi nizam-intizamla balanslaşdırmağı bacarsınlar. İntizam heç də təhqir demək deyil. İntizam qayda və sərhədlər deməkdir.
Necə ki, biz hüquqi dövlətdə yaşayırıq və müəyyən qayda-qanunlara əməl edirik, ailədə də uşaqlar sağlam sərhədlər çərçivəsində formalaşmalıdırlar. Valideyn övladına amansız münasibət göstərmədən, aydın və ardıcıl qaydalar müəyyən etməli, bu qaydalar vasitəsilə onun davranışlarını istiqamətləndirməlidir. Belə münasibət ailədə sağlam ünsiyyətin və qarşılıqlı etimadın yaranmasına imkan verir.
Dinlənilən uşaq özünə daha çox inanır
Aytən Ələkbərova vurğuladı ki, valideynlərin ən vacib vəzifələrindən biri övladlarını dinləmək, onların dediklərini analiz etmək, ehtiyac olduqda düzgün istiqamətləndirmək və dəstək olmaqdır. Əgər valideyn bunu etməkdə çətinlik çəkirsə, mütləq mütəxəssisə müraciət etməlidir. Çünki psixoloqun dəstəyi uşağın xarakterinin sağlam formalaşmasına, mənlik şüurunun inkişafına və özünəinam qazanmasına mühüm töhfə verir.
Unutmaq olmaz ki, davamlı şəkildə təhqir olunan və alçaldılan bəzi uşaqlar sonradan özlərini qorumaq üçün fərqli müdafiə mexanizmləri inkişaf etdirirlər. Onlardan biri də təkəbbürlü davranışdır. Təkəbbür isə əslində sağlam özünəinam deyil, insanın yalnız özünü ön plana çıxarmasıdır. Bu cür davranış zamanla narsistik xüsusiyyətlərin formalaşmasına da zəmin yarada bilər. Psixoloji konsultasiyalar zamanı çox vaxt bu cür problemlərin kökündə uşaqlıqda valideynlərin söylədiyi yaralayıcı sözlərin dayandığını görürük.
Sevgi ilə qoyulan sərhədlər daha sağlam nəticə verir
Psixoloq diqqətə çatdırdı ki, sağlam özünəinamı olan insan başqasını alçaltmağa ehtiyac duymur. O, qarşısındakı insanın da dəyərli olduğunu qəbul edir və onun ruhuna toxunacaq davranışlardan uzaq durur. Buna görə də valideynlər övladları ilə münasibətlərini sevgi, hörmət, sağlam sərhədlər və ardıcıl intizam üzərində qurmalıdırlar. Məhz belə bir yanaşma uşağın psixoloji cəhətdən sağlam, özünə güvənən və şəxsiyyət kimi formalaşmasına ən doğru zəmin yaradır.
Nigar Orucova, "İki sahil"