Qazaxıstan Vyanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı ilə bağlı yeni logistik imkanları təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Qazaxıstan Temir Jolı” Milli Şirkəti ASC məlumat yayıb.
Avstriya-Qazaxıstan Qarşılıqlı Əlaqəlilik Platformasının iclasında şirkətin İdarə Heyəti sədrinin müavini Anuar Axmetjanov nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması, logistik zəncirlərin inteqrasiyası və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Onun sözlərinə görə, hazırda Çinlə Avropa arasında quru dəmir yolu daşımalarının təxminən 85 faizi Qazaxıstan ərazisindən keçir. Son beş ildə tranzit daşımalarının həcmi 60 faiz artıb.
Tədbirdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət ayrılıb. “Qazaxıstan Temir Jolı” Milli Şirkəti beynəlxalq tərəfdaşları ilə birlikdə infrastrukturdakı “dar boğazların” mərhələli şəkildə aradan qaldırılması, müxtəlif ölkələrdə yerləşən terminalların vahid fasiləsiz şəbəkədə birləşdirilməsi və logistik əməliyyatların tam rəqəmsallaşdırılması istiqamətində iş aparır.
Şirkətin məlumatına görə, sənəd dövriyyəsində rəqəmsal formata keçirilməsi yüklərin emal müddətini bir neçə saatdan bir neçə dəqiqəyədək azaltmağa imkan verib. Bu isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qlobal bazarda etibarlı, şəffaf və rəqabətqabiliyyətli nəqliyyat dəhlizi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.