Dayanıqlı urbanizasiyanın gələcəyi iqlim dəyişikliyinə, təbii fəlakətlərə və ekoloji risklərə davamlı şəhərlərin qurulmasından asılıdır.
“İki sahil” xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının Yüksəksəviyyəli İclasında təmsil olunan Azərbaycan nümayəndə heyətinin üzvü, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Gülşən Rzayeva 3-cü çoxtərəfli tərəfdaşlar panelində çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycanda bu məqsədə nail olmağın ən effektiv vasitələrindən biri inteqrasiya olunmuş ərazi planlaşdırılmasıdır.
Azərbaycanda şəhərlərin 86 faizinin torpaq istifadəsi, mənzil təminatı, nəqliyyat, yaşıl infrastruktur və ictimai xidmətləri vahid çərçivədə birləşdirən yenilənmiş baş planlarla əhatə olunduğuna diqqət çəkən G.Rzayeva əlavə edib ki, iqlim dayanıqlılığı eyni zamanda iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına da xidmət etməlidir.
"Azərbaycan 1990-cı ilin səviyyəsi ilə müqayisədə 2035-ci ilədək istixana qazı emissiyalarını 40 faiz azaltmağı hədəfləyən üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsini təqdim edib. Ötən həftə isə hökumət binaların enerji səmərəliliyinə dair yeni qaydaları təsdiq edərək bu öhdəlikləri praktik standartlara çevirib”, - deyə o əlavə edib.
Komitə rəsmisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində “Daha yaxşı bərpa et” prinsipi əsasında dayanıqlı yaşayış, təmiz enerji, müasir infrastruktur və ekoloji bərpanı özündə birləşdirir.
Onun sözlərinə görə, COP29 və WUF13-ün nəticələri sübut edib ki, iqlim fəaliyyəti ilə şəhərsalma gündəlikləri arasında əlaqə daha da gücləndirilməlidir.
“COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Bakı Davamlılıq Koalisiyası, WUF13-də isə Təmiz Hava Təşəbbüsü və Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Yaşayış Məntəqələri Paketi təqdim olunub. Biz keçmiş və gələcək COP və WUF ev sahiblərini Bakı Davamlılıq Koalisiyasına qoşulmağa dəvət edirik ki, iqlim və şəhərsalma gündəlikləri arasında əməkdaşlıq davamlı prosesə çevrilsin və şəhərlərimiz daha dayanıqlı, inklüziv və gələcəyin çağırışlarına hazır olsun”, - deyə G.Rzayeva vurğulayıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir