Almaniyada yayımlanan nüfuzlu “Cicero” jurnalında “Mərkəzi Asiyaya açılan qapı - Avropa Cənubi Qafqazı niyə yenidən kəşf edir?” sərlövhəli məqalə dərc olunub.
“İki sahil” xəbər verir ki, məqalədə son illərdə dəyişən geosiyasi reallıqlar fonunda Avropanın Cənubi Qafqaza münasibətində baş verən ciddi transformasiya təhlil olunur. Müəllif Oliver Rolofs pandemiya, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginliyin Avropanın təhlükəsizlik, enerji və nəqliyyat siyasətinə baxışını əsaslı şəkildə dəyişdiyini qeyd edir. Bildirilir ki, “Soyuq müharibə”dən sonra təhlükəsizliyini əsasən ABŞ-yə həvalə edən, enerji təchizatında Rusiyadan, iqtisadi inkişaf modelində isə Çin bazarından asılı olan Avropa qlobal böhranlar fonunda bu modelin davamlı olmadığını görərək çoxtərəfli dünyada müstəqil geosiyasi aktor kimi çıxış etməyə çalışır. Bu dəyişiklik isə uzun müddət geosiyasi periferiya hesab olunan Cənubi Qafqazı Avropanın strateji maraqlarının əsas istiqamətlərindən birinə çevirib.
Bu kontekstdə Ukrayna müharibəsinin boru kəmərlərinin, limanların, dənizaltı rabitə xətlərinin və tranzit marşrutlarının təkcə iqtisadi deyil, həm də geosiyasi alət olduğunu nümayiş etdirdiyi vurğulanır. İran müharibəsi və Hörmüz boğazı ilə bağlı risklərin artmasının isə enerji və logistika təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırdığı diqqətə çatdırılıb. Bu baxımdan Cənubi Qafqazın Avropa üçün xüsusi strateji əhəmiyyət daşıdığı qeyd olunur.
Yazıda bildirilir ki, Cənubi Qafqaz regionu uzun illər əsasən Ermənistan-Azərbaycan münaqişəsi prizmasından qiymətləndirilib. Lakin bu yanaşma Cənubi Qafqazın daha geniş geostrateji imkanlarını kölgədə qoyub. 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında başlanmış sülh təşəbbüsü Brüsseldə və Avropanın digər paytaxtlarında regiona münasibətin əhəmiyyətli dərəcədə dəyişməsinə təkan verib. Sərhədlərin delimitasiyası, minaların təmizlənməsi və qarşılıqlı etimad tədbirləri kimi məsələlərin tam həllini tapmamasına baxmayaraq, Avropanın Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiyanı birləşdirən körpü kimi qiymətləndirdiyi bildirilir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna xüsusi yer ayıran müəllif xatırladır ki, 2022-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycanın Avropaya təbii qaz ixracı artmaqdadır. Hazırda Azərbaycan Avropa İttifaqına ildə 13 milyard kubmetr qaz ixrac edir. Bu rəqəm 2022-ci ildən əvvəl 8 milyard kubmetr olub. Bu həcmin 2027-ci ilədək azı 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bundan başqa, 2026-cı ildən etibarən Almaniya və Avstriyanın da Azərbaycandan ilk dəfə olaraq birbaşa qaz almağa başladıqları qeyd edilir. Eyni zamanda, Azərbaycanın artıq 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac etdiyi və Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinin əsas dayaqlarından birinə çevrildiyi xüsusi vurğulanır.
Yazıda Cənub Qaz Dəhlizinin Xəzər hövzəsindən başlayaraq Rusiya ərazisindən keçmədən Avropaya enerji çatdıran mühüm infrastruktur layihəsi olduğu bildirilir. TANAP və TAP kəmərlərinin Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji asılılığını azaltmaq strategiyasında xüsusi əhəmiyyət qazandığı vurğulanır. Bununla yanaşı, Azərbaycanın əhəmiyyətinin təkcə enerji təchizatçısı olması ilə məhdudlaşmadığı və ölkənin mühüm tranzit imkanları da qeyd edilərək ölkənin Mərkəzi Asiyaya çıxış üçün əsas qapı rolunu oynadığı bildirilir.
Orta Dəhlizin geostrateji əhəmiyyətini bu prizmadan geniş təhlil edən müəllif qeyd edir ki, Rusiyadan keçən şimal marşrutunun müharibə və sanksiyalar səbəbindən məhdudlaşması, İran istiqamətinin isə yüksək geosiyasi risklər daşıması fonunda Orta Dəhliz Avropa ilə Asiya arasında ən etibarlı və perspektivli bağlantılardan birinə çevrilib. Bu marşrut Avropanı Azərbaycan vasitəsilə bütövlükdə Mərkəzi Asiya bazarları - Qazaxıstan, Türkmənistan, Özbəkistan və Çin ilə əlaqələndirir. Xüsusilə vurğulanır ki, Avropa İttifaqı artıq bu dəhlizi “Global Gateway” strategiyasının əsas infrastruktur layihələrindən biri hesab edərək enerji, rəqəmsallaşma, kritik xammal, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Məqalədə bildirilir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya sonuncu səfəri zamanı səsləndirdiyi fikirlər Brüsselin regiona baxışındakı dəyişiklikləri aydın nümayiş etdirir. Onun Cənubi Qafqazı Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən mühüm qovşaqlarından biri adlandırdığı, Azərbaycanın isə regional əməkdaşlıq və sabitliyin təşviqində xüsusi imkanlara malik olduğunu vurğuladığı qeyd edilir. Həmçinin Rusiyanın enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etdiyi bir dövrdə Azərbaycanın Avropaya qaz tədarükünü artırdığı, ölkənin etibarlı enerji tərəfdaşı kimi qiymətləndirildiyi bildirilir. Qeyd olunur ki, əməkdaşlığın növbəti mərhələsi yaşıl enerji dəhlizinin yaradılması, elektrik şəbəkələrinin inteqrasiyası və bərpaolunan enerji layihələrinin genişləndirilməsini əhatə edir.
Müəllif bildirir ki, Avropa İttifaqının Azərbaycanla yeni “Bağlantılar Tərəfdaşlığı” və “Bağlantılar vasitəsilə sülh” təşəbbüsü regionda nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafına yönəlib. Bu proqram çərçivəsində ayrılacaq vəsaitlərin milyardlarla avroluq investisiyaları stimullaşdıracağı, Bakı Limanının genişləndirilməsi, yeni dəmir yolu xətlərinin tikintisi və sərhəd bölgələrinin inkişafının dəstəklənəcəyi bildirilir.
Məqalədə regionun Almaniya üçün geosiyasi baxımdan daha böyük əhəmiyyət daşıdığı qeyd olunaraq, Prezident Frank-Valter Ştaynmayerin ötən il Ermənistana və Azərbaycana səfərlərinin təkcə diplomatik protokol xarakteri daşımadığı, həm də Berlinin regiona enerji və infrastruktur siyasəti baxımından artan marağının göstəricisi olduğu vurğulanır. Qeyd edilir ki, Almaniya üçün Cənubi Qafqaz artıq təkcə alternativ təbii qaz mənbəyi kimi deyil, həm də dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması, rəqabət qabiliyyətinin möhkəmləndirilməsi və Mərkəzi Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Kansler Fridrix Mertsin Prezident İlham Əliyevi Almaniyaya rəsmi səfərə dəvət etməsi Berlinin Avropanın enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və bağlantılar strategiyası çərçivəsində Azərbaycanla siyasi və iqtisadi tərəfdaşlığı daha da dərinləşdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.
Gülşən Rzayeva: COP və WUF ev sahiblərini Bakı Davamlılıq Koalisiyasına qoşulmağa dəvət edirik
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib