19 iyul 2026 10:59
152

Fransada tıxacların uzunluğu rekord həddə çatıb

Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb.

Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğu 170 kilometrə çatıb.

Nəqliyyat məlumatları xidməti yolda olan sürücülərə mütəmadi olaraq su içməyi, həmçinin avtomobilin salonunda temperaturu aşağı saxlamaq üçün ön şüşələrdə günəş qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edib.

Paris Ətraf Mühit Nazirliyi yollarda sıxlığın bir müddət daha davam edəcəyini gözləyir. Hazırda istirahətə gedənlər Normandiya və Atlantik sahilləri, Overn-Rona-Alp bölgəsi, Mərkəzi Massiv, eləcə də Aralıq dənizi sahilləri istiqamətində hərəkət edirlər.

Qeyd edək ki, Aralıq dənizi sahilində yerləşən bir neçə departamentdə güclü istilərlə əlaqədar "narıncı" hava təhlükəsi səviyyəsi elan olunub. Nəqliyyat mütəxəssisləri yaxın günlərdə ölkənin şərqindəki Burqundiya və Overn-Rona-Alp bölgələrində avtomobil axınının daha da artacağını proqnozlaşdırırlar.