İnkişaf proqramları, rəqəmsal həllər və yeni təşəbbüslər gənclərin ictimai fəallığının artırılmasına və liderlik potensialının gücləndirilməsinə yönəlib
Gənclərin ictimai həyata fəal cəlb olunması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə həyata keçirilən layihələr və innovativ təşəbbüslər gənclərin həm fərdi inkişafına, həm də cəmiyyət həyatında daha fəal iştirakına geniş imkanlar yaradır.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "İki sahil"ə müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb.
Vüqar Əliyev bildirib ki, İttifaq tərəfindən həyata keçirilən inkişaf proqramları, forumlar, sosial aksiyalar, beynəlxalq mübadilə proqramları və könüllü düşərgələri gənclərin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına mühüm töhfə verir.

Onun sözlərinə görə, rəqəmsal platformalar üzərindən tətbiq olunan qeydiyyat və idarəetmə sistemləri könüllülük fəaliyyətini daha əlçatan, çevik və effektiv edir. Bu təşəbbüslərin əsas məqsədi gənclərin ictimai fəallığını artırmaq, onların cəmiyyət həyatında daha aktiv iştirakını təmin etmək və gələcəyin liderləri kimi formalaşmasına dəstək olmaqdır.
AKTİ sədri qeyd edib ki, bu istiqamətdə həyata keçirilən innovativ layihələrdən biri də yaxın günlərdə açılış mərasimi keçirilən *"Könüllü Liderlərin İnkişaf Konsepsiyası" (KLİK)* proqramıdır.
V.Əliyev vurğulayıb ki, layihənin əsas məqsədi yeni nəsil gənc liderlərin formalaşdırılması, könüllülərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların idarəetmə, kommunikasiya, strateji düşüncə və komanda işi sahələrində potensialının gücləndirilməsidir.
O əlavə edib ki, KLİK proqramı çərçivəsində iştirakçılar üçün təlimlər, mentorluq proqramları, praktiki tapşırıqlar və təcrübə mübadiləsi imkanları yaradılır. Proqram vasitəsilə yalnız aktiv könüllülərin deyil, gələcəkdə vətəndaş cəmiyyətinin və müxtəlif sahələrin inkişafına töhfə verəcək lider şəxslərin yetişdirilməsi hədəflənir.
Yaqut Ağaşahqızı,”İki sahil"