20 iyul 2026 12:00
153

Könüllülük gənclərin inkişafına xidmət edən dayanıqlı platforma kimi daha da genişləndiriləcək

AKTİ beynəlxalq əməkdaşlığın gücləndirilməsini və Azərbaycan könüllülük modelinin qlobal miqyasda təşviqini prioritet istiqamətlərdən biri hesab edir

Azərbaycanda könüllülük hərəkatının dayanıqlı inkişafının təmin olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi və gənclərin potensialının daha səmərəli reallaşdırılması istiqamətində ardıcıl işlər davam etdirilir. Bu məqsədlə həyata keçirilən təşəbbüslər könüllülük fəaliyyətinin əhatə dairəsinin genişlənməsinə və ölkəmizin bu sahədə beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “İki sahil"ə müsahibəsində gələcək fəaliyyət istiqamətləri barədə danışıb.

Vüqar Əliyev bildirib ki, gələcək perspektiv baxımından Azərbaycan Könüllü Təşkilatları İttifaqının əsas hədəfi könüllülük fəaliyyətini daha da genişləndirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və gənclərin inkişafına töhfə verən dayanıqlı layihələrin sayını artırmaqdır.

Onun sözlərinə görə, İttifaq eyni zamanda Azərbaycan könüllülük modelinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.

AKTİ sədri qeyd edib ki, könüllü gənclərə əsas mesaj ondan ibarətdir ki, könüllülük yalnız ictimai fəaliyyət deyil, eyni zamanda inkişaf, təcrübə qazanmaq və gələcək üçün yeni imkanlar əldə etmək deməkdir. O vurğulayıb ki, könüllü olmaq insanın həm cəmiyyətə fayda verməsinə, həm də öz potensialını inkişaf etdirməsinə şərait yaradır.

Vüqar Əliyev əlavə edib ki, fəal, təşəbbüskar və sosial məsuliyyətli gənclər Azərbaycanın gələcəyinin əsas aparıcı qüvvəsidir. Onun sözlərinə görə, AKTİ bundan sonra da gənclərin inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsini və könüllülük hərəkatının daha da gücləndirilməsini davam etdirəcək.

Yaqut Ağaşahqızı,”İki sahil"