20 iyul 2026 11:10
106

Milli mətbuat: dövlətçilik məfkurəsinin, milli həmrəyliyin və həqiqətin tribunası

22 İyul – Azərbaycan Milli Mətbuat Günü xalqımızın ictimai fikir tarixində mühüm yer tutan, milli özünüdərk, maarifçilik və dövlətçilik ənənələrinin təntənəsidir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 150 ildən artıq dövr ərzində xalqın milli şüurunun formalaşmasına, azadlıq ideyalarının yayılmasına, dövlətçilik düşüncəsinin möhkəmlənməsinə və cəmiyyətin inkişafına misilsiz töhfələr vermişdir.

Azərbaycan milli mətbuatının keçdiyi yol yalnız jurnalistikanın tarixi deyil, eyni zamanda xalqımızın siyasi, mədəni və mənəvi inkişaf salnaməsidir. Bu tarix maarifçilikdən milli oyanışa, istiqlal mübarizəsindən müasir dövlət quruculuğuna qədər bütün mərhələlərdə Azərbaycanın taleyi ilə sıx bağlı olmuşdur.

"Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərsə də, milli mətbuatın ideoloji məktəbini yaratdı. Həsən bəy Zərdabi mətbuatı cəmiyyətin maariflənməsinin, milli dilin qorunmasının və ictimai tərəqqinin əsas vasitəsi hesab edirdi. Onun əsas məqsədi xalqın savadlanması, milli kimliyinin möhkəmlənməsi və müasir dünyagörüşünün formalaşdırılması idi.

XX əsrin əvvəllərində milli mətbuat Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə mətbuat azad siyasi fikrin tribunası oldu, istiqlal ideyalarının təbliğinə və gənc respublikanın beynəlxalq aləmdə tanıdılmasına mühüm xidmət göstərdi.

Sovet hakimiyyəti illərində sərt senzura şəraitinə baxmayaraq, Azərbaycan ziyalıları milli ruhun qorunması istiqamətində mətbuatın imkanlarından istifadə etməyə çalışdılar. XX əsrin sonlarında isə milli azadlıq hərəkatı dövründə müstəqil mətbuat xalqın səsinə çevrilərək dövlət müstəqilliyinin bərpasında mühüm rol oynadı.

Müstəqil Azərbaycanda demokratik media mühitinin formalaşdırılması və söz azadlığının hüquqi təminatı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Heydər Əliyev mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək bildirirdi: "Mətbuatın inkişafı demokratiyanın inkişafıdır." Bu siyasi yanaşmanın nəticəsi olaraq 1998-ci il 6 avqust tarixində Azərbaycanda mətbuat üzərində dövlət senzurası ləğv edildi. Bu qərar ölkənin demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsinə çevrildi və söz, fikir, məlumat azadlığının daha geniş təmin edilməsinə xidmət etdi.

Ulu Öndər digər çıxışlarında da mətbuatın dövlət və cəmiyyət qarşısında məsuliyyətini xüsusi vurğulayırdı: "Mətbuat böyük qüvvədir. Bu qüvvədən xalqın, dövlətin və cəmiyyətin mənafeləri naminə istifadə edilməlidir." Məhz həmin dövrdə söz azadlığının hüquqi təminatının möhkəmləndirilməsi, müstəqil qəzetlərin inkişafı və medianın fəaliyyətinə dövlət müdaxiləsinin minimuma endirilməsi istiqamətində mühüm addımlar atıldı.

Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır: "Azərbaycanda söz azadlığı tam təmin edilir. Azad media cəmiyyətimizin inkişafı üçün vacib amildir." Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl dövlət proqramları həyata keçirilir.

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin fikir və söz azadlığını, sərbəst informasiya almaq və yaymaq hüququnu təmin edir, senzuranı qadağan edir və media azadlığının hüquqi əsaslarını müəyyənləşdirir. Son illərdə media sahəsində aparılan islahatlar bu hüquqi bazanı daha da müasirləşdirmişdir. 2021-ci ildə qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu media münasibətlərinin müasir tələblər əsasında tənzimlənməsinə, jurnalistlərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, peşə etikası prinsiplərinin möhkəmləndirilməsinə və informasiya məkanında şəffaflığın artırılmasına xidmət edir.

Media sahəsində institusional islahatların mühüm tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılmışdır. Agentlik media subyektlərinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, media savadlılığının inkişafı, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir.

İnformasiya texnologiyalarının sürətli inkişafı medianın qarşısında yeni imkanlarla yanaşı, ciddi çağırışlar da yaratmışdır. Müasir dövrdə informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilmişdir. Sosial media platformalarının geniş yayılması xəbərin yayılma sürətini artırsa da, dezinformasiyanın, saxta məlumatların, manipulyativ informasiya kampaniyalarının və rəqəmsal təxribatların da miqyasını genişləndirmişdir. Belə şəraitdə peşəkar jurnalistikanın əsas missiyası operativliklə yanaşı obyektivliyi, dəqiqliyi və ictimai məsuliyyəti qorumaqdır.

Azad söz demokratik cəmiyyətin əsas dəyərlərindən biridir. Lakin azad söz heç zaman böhtan, təhqir, nifrət nitqi və şəxsi hücum vasitəsi kimi başa düşülə bilməz. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi mətbuatı maarifçilik və ictimai tərəqqi vasitəsi kimi görürdü. Buna görə də sağlam siyasi polemika ilə etik normaları pozan davranışlar arasında aydın sərhəd qorunmalıdır. Müasir informasiya mühitində jurnalistlərə, ziyalılara və ictimai xadimlərə qarşı təhqir və qarayaxma kampaniyaları media etikasına zidd olmaqla yanaşı, sağlam ictimai dialoqa da mənfi təsir göstərir. Belə hallara qarşı ən təsirli cavab peşəkar jurnalistika prinsiplərinə sadiqlik, media savadlılığının artırılması və qanunvericilik çərçivəsində hüquqi mexanizmlərin tətbiqidir.

Azərbaycanın qlobal informasiya məkanındakı mövqeyinin möhkəmləndirilməsində artıq ənənə halını almış Şuşa Qlobal Media Forumu xüsusi yer tutur. İşğaldan azad edilmiş Şuşada keçirilən forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək beynəlxalq informasiya dialoqunun nüfuzlu platformasına çevrilmişdir. Forum çərçivəsində süni intellekt, rəqəmsal media, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, beynəlxalq jurnalistika standartları və media əməkdaşlığı kimi aktual məsələlər geniş müzakirə olunur.

Prezident İlham Əliyevin forum iştirakçıları ilə açıq dialoq formatında keçirdiyi görüşlər, beynəlxalq media nümayəndələrinin suallarını ətraflı cavablandırması Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə birbaşa çatdırılmasına mühüm töhfə verir. Şuşa Qlobal Media Forumu göstərir ki, müasir informasiya mübarizəsində üstünlük emosional qarşıdurmaya deyil, faktlara, peşəkarlığa, açıq dialoqa və həqiqətin müdafiəsinə əsaslanan media fəaliyyətinə məxsusdur.

Beləliklə, Azərbaycan milli mətbuatın tarixi xalqın maariflənməsinə, milli kimliyinin qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və milli maraqların müdafiəsinə xidmət nümunələri ilə zəngindir. 44 günlük Vətən müharibəsi Azərbaycanın yalnız döyüş meydanında deyil, informasiya məkanında da qazandığı tarixi Zəfərlə yadda qaldı. Milli mətbuat və peşəkar jurnalistlər cəbhədən operativ məlumatların çatdırılması, saxta xəbərlərin ifşası, Ermənistanın dezinformasiya kampaniyalarının qarşısının alınması və Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yüksək peşəkarlıq nümayiş etdirərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətlə mücadilə apardığı informasiya cəbhəsinin etibarlı əsgərlərinə çevrildilər.

Müasir dövrdə də media cəmiyyətin etibarlı informasiya təminatçısı olmaqla yanaşı, milli həmrəyliyin, vətəndaş məsuliyyətinin və dövlətçilik ideologiyasının möhkəmlənməsində mühüm rol oynayır. Sevindirici haldır ki, ölkəmizin yeni reallıqlar fonunda yeni intibah mərhələsində milli mətbuatımızın əsas missiyası dəyişməz olaraq qalır: həqiqətə sədaqət, peşəkarlıq, milli maraqların müdafiəsi və cəmiyyətə məsuliyyətlə xidmət.

Əli Hüseynli,
​Milli Məclisin deputatı