Sərhədsiz Reportyorlar Təşkilatı və regional “L’Essor Savoyard” həftəlik nəşri Fransanın Annesi şəhər meriyasının üzvlərini bələdiyyə sədrinin birinci müavini ilə bağlı zorakılıq iddiası barədə məlumatın yayılmasının qarşısını almağa çalışmaqda ittiham edib.
“İki sahil” xəbər verir ki, təşkilatın və jurnalın apardığı araşdırmaya görə, iyun ayında şəhər meriyasına bağlı şəxslər yerli nəşrin yüzlərlə nüsxəsini kütləvi şəkildə alaraq ictimai əhəmiyyət daşıyan bir xəbəri ört-basdır etməyə cəhd göstəriblər. Təşkilat bu addımı kobud və uğursuz senzura əməliyyatı kimi qiymətləndirib. Annesi meriyası isə ittihamları rədd edib.
Bildirildiyinə görə, iyunun 4-də “L’Essor Savoyard”ın yeni buraxılışının üz qabığında Annesi merinin birinci müavini Antoni Qranjeni təcavüzdə ittiham edən bir şəxsin ifadəsi dərc olunub. Adətən, 2 min nüsxə satılan “L’Essor Savoyard” həmin buraxılışda satış rekorduna imza atıb, satış 50 faiz artıb.
Təşkilat bildirib ki, şahid ifadələri və görüntülərin təhlili nəticəsində alıcıların arasında Annesi meriyası ilə əlaqəli bir neçə nəfəri müəyyən edib.