İlqar Heybətov: İnsan yaşını və irsiyyətini dəyişə bilməz, lakin risk amillərini nəzarətdə saxlamaqla xəstəlik riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür
Son illər ürək-damar xəstəliklərinin daha gənc yaşlarda müşahidə olunması həm dünya, həm də Azərbaycan səhiyyəsi üçün ciddi çağırışlardan birinə çevrilib. Mütəxəssislər hesab edirlər ki, bu tendensiyanın əsas səbəbi genetik dəyişikliklərdən daha çox insanların həyat tərzində baş verən dəyişikliklərlə əlaqədardır.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil"ə özəl müsahibəsində bildirib ki, ürək-damar xəstəliklərinin "cavanlaşması" təkcə Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi ciddi problemlərdəndir. Onun sözlərinə görə, son 20–30 ildə ürək infarktı, koronar arteriya xəstəliyi və digər aterosklerotik damar xəstəlikləri artıq daha gənc yaşlarda müşahidə olunur və bunun əsas səbəbi genetikanın dəyişməsi deyil, həyat tərzinin sürətlə dəyişməsidir.
İ.Heybətov qeyd edib ki, ürək-damar xəstəliklərinin risk amilləri iki qrupa bölünür. Birinci qrupa dəyişdirilməsi mümkün olmayan risk amilləri daxildir. Bunlar yaş, irsiyyət və cins mənsubiyyətidir. Yaş artdıqca damar divarında təbii degenerativ dəyişikliklər baş verir və aterosklerozun inkişaf ehtimalı yüksəlir. Ailəsində erkən yaşlarda infarkt və ya insult keçirmiş şəxslərdə genetik meyillilik daha yüksək olur.
Mütəxəssis əlavə edib ki, cins mənsubiyyəti də mühüm risk faktorlarından biridir. Reproduktiv yaş dövründə qadınlarda estrogen hormonunun damar divarına qoruyucu təsiri olduğundan ürək-damar xəstəliklərinə kişilərlə müqayisədə daha az rast gəlinir. Lakin menopauzadan sonra bu qoruyucu təsir azalır və qadınlarda risk sürətlə artır. Təxminən 65–70 yaşdan sonra isə qadınlarla kişilər arasında ürək-damar xəstəliklərinin rastgəlmə tezliyi demək olar ki, bərabərləşir.
İ.Heybətov bildirib ki, ikinci qrupa isə dəyişdirilə bilən risk amilləri daxildir. Bunlara siqaret və digər tütün məmulatlarından istifadə, yüksək arterial təzyiq, qanda xolesterinin artması, şəkərli diabet, artıq çəki və piylənmə, fiziki passivlik, qeyri-sağlam qidalanma, xroniki stress, yuxu pozğunluğu və alkoqoldan həddindən artıq istifadə aiddir.
Ürək cərrahı vurğulayıb ki, insan yaşını və genetik xüsusiyyətlərini dəyişə bilməsə də, dəyişdirilə bilən risk amillərini nəzarətdə saxlamaqla genetik meyilliliyin mənfi təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. O bildirib ki, elmi araşdırmalar sağlam həyat tərzinin ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını ala bildiyini göstərir. Buna görə də müasir kardiologiyanın əsas məqsədi xəstəliyin müalicəsindən daha çox risk amillərinin erkən aşkarlanması və onların effektiv idarə edilməsidir.
Yaqut Ağaşahqızı, “İki sahil”