22 iyul 2026 10:50
90

Fərdiləşdirilmiş yanaşma müasir ürək cərrahiyyəsinin əsas üstünlüyüdür

İlqar Heybətov: Müalicə planı hər bir pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanır

Müasir ürək və damar cərrahiyyəsində müalicənin uğuru yalnız qabaqcıl texnologiyalardan deyil, hər bir pasiyentə fərdi yanaşmanın tətbiqindən də asılıdır. Bu gün diaqnostik və cərrahi qərarlar xəstənin klinik vəziyyəti, anatomik xüsusiyyətləri və risk göstəriciləri əsasında müəyyənləşdirilir.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil"ə özəl müsahibəsində bildirib ki, müasir ürək cərrahiyyəsinin əsas prinsipi fərdiləşdirilmiş yanaşmadır. Artıq bütün xəstələrə eyni müalicə tətbiq edilmir. Hər bir pasiyentin yaşı, yanaşı xəstəlikləri, ürəyin anatomik xüsusiyyətləri və risk göstəriciləri ayrıca qiymətləndirilir.
İ.Heybətov qeyd edib ki, mərkəzdə müasir görüntüləmə üsullarının, laborator müayinələrin və funksional qiymətləndirmənin nəticələri əsasında müalicə planı hazırlanır. Koronar şuntlama, ürək qapaqlarının bərpası və dəyişdirilməsi, aorta cərrahiyyəsi, periferik damar əməliyyatları və digər mürəkkəb müdaxilələr beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

O əlavə edib ki, müasir ürək cərrahiyyəsinin ən vacib üstünlüklərindən biri multidissiplinar yanaşmadır. Müxtəlif ixtisaslı həkimlərin birgə qərarı daha təhlükəsiz və daha səmərəli müalicə seçməyə imkan verir.

İ.Heybətov vurğulayıb ki, müasir ürək cərrahiyyəsinin uğuru təkcə cərrahın bacarığından deyil, bütün komandanın peşəkarlığından asılıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”