22 iyul 2026 19:25
91

ADNSU-nun rektoru Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, Universtetdə səmimi dialoq əsasında keçən görüşdə rektor Rüfət Əzizov jurnalistləri salamlayaraq onları Azərbaycan milli mətbuatının 151-ci ildönümü: 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, milli mətbuatın ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını, cəmiyyətin maarifləndirilməsi, milli dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdiyini bildirib.

Görüş zamanı rektor Azərbaycan Dövlət Neft və Sənaye Universitetində son dövrlərdə həyata keçirilən islahatlar, ali təhsilin müasir çağırışlara uyğun inkişafı və universitetin strateji inkişaf istiqamətləri barədə jurnalistlərə ətraflı məlumat verib. O qeyd edib ki, ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması, rəqəmsal tədris sisteminin genişləndirilməsi və tələbəyönümlü təhsil modelinin tətbiqi universitetin əsas prioritetləri sırasında yer alır.

Rektor universitetdə elmin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdıraraq elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, innovativ layihələrin dəstəklənməsi, müasir laboratoriyaların imkanlarının artırılması və gənc tədqiqatçıların potensialının inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Rüfət Əzizov çıxışında ADNSU-nun beynəlxalq reytinqlərdə və nüfuzlu beynəlxalq metrik bazalarda mövqeyinin ildən-ilə yüksəldiyini qeyd edib. Bildirib ki, universitetin elmi nəşrlərinin sayının və keyfiyyətinin artması, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi, akademik mobillik proqramlarının inkişafı və xarici ali təhsil müəssisələri ilə həyata keçirilən birgə layihələr bu uğurların əldə olunmasında mühüm rol oynayır. Rektor, həmçinin ADNSU-nun dünyanın aparıcı universitetləri, elmi-tədqiqat mərkəzləri və sənaye tərəfdaşları ilə əməkdaşlığının davamlı şəkildə genişləndiyini, bu əlaqələrin həm tədrisin keyfiyyətinin yüksəldilməsinə, həm də universitetin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə media ilə universitet arasında səmərəli əməkdaşlığın əhəmiyyəti də vurğulanıb. Qeyd olunub ki, təhsil, elm və innovasiya sahəsində əldə olunan nailiyyətlərin, universitetdə həyata keçirilən yeniliklərin və strateji layihələrin ictimaiyyətə operativ və obyektiv şəkildə çatdırılmasında jurnalistlərin rolu böyükdür.

Sonda rektor jurnalistlərin suallarını cavablandırıb, onların peşə fəaliyyətini yüksək qiymətləndirərək media nümayəndələrinə təhsilin, elmin və cəmiyyətin inkişafına verdikləri töhfələrə görə təşəkkürünü bildirib.