23 iyul 2026 23:16
132

Qlobal dalğalanmalar fonunda dayanıqlı maliyyə idarəçiliyi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı ilin ilk altı ayı üzrə maliyyə göstəriciləri ölkənin strateji maliyyə ehtiyatlarının idarə olunmasında dayanıqlığın qorunduğunu nümayiş etdirir. Dünyada geosiyasi gərginliklərin artdığı, enerji və maliyyə bazarlarında yüksək dəyişkənliyin müşahidə olunduğu bir dövrdə Fondun həm neft-qaz gəlirlərini, həm də investisiya portfelini səmərəli idarə etməsi Azərbaycanın makroiqtisadi sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Yarımillik nəticələr göstərir ki, ARDNF yalnız dövlət büdcəsinin əsas maliyyə dayaqlarından biri olmaqla kifayətlənmir, eyni zamanda, uzunmüddətli maliyyə dayanıqlılığını təmin edən strateji institut kimi fəaliyyətini davam etdirir.

ARDNF-nin gəlirləri 8,5 milyard manatı ötüb

2026-cı ilin yanvar-iyun aylarında Dövlət Neft Fondunun ümumi gəlirləri 8 milyard 531,3 milyon manat təşkil edib. Bu vəsaitin 4 milyard 953,4 milyon manatı neft-qaz sektorundan, 3 milyard 577,9 milyon manatı isə Fondun investisiya portfelinin idarə olunması nəticəsində əldə edilən gəlirlərdən formalaşıb. Bu göstəricilər onu deməyə əsas verir ki, ARDNF-nin gəlirlərinin artıq əhəmiyyətli hissəsi yalnız karbohidrogen satışından deyil, həm də peşəkar investisiya idarəçiliyindən əldə olunur. Bu isə Fondun uzun illər ərzində formalaşdırdığı investisiya strategiyasının səmərəli nəticə verdiyini göstərən mühüm amillərdən biridir.

Neft-qaz gəlirlərində AÇG əsas paya malikdir

Hesabat dövründə neft və qaz sazişləri üzrə daxilolmaların əsas hissəsi yenə də "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə olunub. Belə ki, ARDNF-yə AÇG-dən 4 milyard 374,9 milyon manat, "Şahdəniz" yatağından isə 437,1 milyon manat vəsait daxil olub. Ümumilikdə mənfəət nefti və qazının satışından 4 milyard 947,6 milyon manat, bonus və tranzit ödənişlərindən 0,9 milyon manat, akrhesabı ödənişlərindən isə 4,9 milyon manat gəlir əldə edilib.

Bu rəqəmlər Azərbaycanın enerji sektorunun hələ də dövlət maliyyəsinin əsas dayaqlarından biri olduğunu təsdiqləyir.

Dövlət büdcəsinə 6,4 milyard manat transfert

ARDNF ölkənin fiskal siyasətində əsas maliyyə mənbələrindən biri olaraq qalır. 2026-cı ilin ilk yarısında Fond tərəfindən dövlət büdcəsinə 6 milyard 420 milyon manat transfert həyata keçirilib. Ümumilikdə isə hesabat dövrünün büdcə xərcləri 6 milyard 449,7 milyon manat təşkil edib. Bununla yanaşı, sosial və insan kapitalının inkişafına yönəlmiş Dövlət proqramlarının maliyyələşdirilməsi də davam etdirilib.

Belə ki, "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 2,1 milyon manat, "2022–2028-ci illər üçün Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı"na isə 12,3 milyon manat ayrılıb. Bu, ARDNF-nin yalnız büdcə gəlirlərinin formalaşmasına deyil, ölkənin intellektual potensialının inkişafına da mühüm töhfə verdiyini göstərir.

Qlobal bazarlardakı dəyişkənlik investisiya portfelinə təsir edib

2026-cı ilin ilk yarısı dünya maliyyə bazarları üçün mürəkkəb dövr kimi yadda qalıb. ABŞ-İran qarşıdurmasının yaratdığı geosiyasi risklər enerji və kapital bazarlarında yüksək volatilliyə səbəb olub. Birinci rübdə investorların təhlükəsiz aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini yüksəltsə də, sonradan neft qiymətlərinin bahalaşması inflyasiya gözləntilərini artırıb və istiqraz bazarlarında dəyər itkilərinə səbəb olub.

Səhm bazarlarında da oxşar dinamika müşahidə edilib. Birinci rübün sonunda geosiyasi risklər səbəbindən eniş yaşansa da, ikinci rübdə süni intellekt sektoruna investisiyaların artması və bazarlarda nisbi sabitliyin bərpa olunması nəticəsində səhmlər yenidən yüksəliş nümayiş etdirib.

Qızıl bazarında isə əvvəlcə rekord bahalaşma qeydə alınsa da, sonradan real faiz dərəcələrinin yüksəlməsi fonunda qiymətlər geriləyib. Bu ilin II rübündə ARDNF qızıl ehtiyatlarını 178,1 ton olaraq saxlayıb. Hesabat dövründə qızılın qiymətində və valyuta məzənnələrində baş verən dəyişikliklər nəticəsində 3 milyard 688,1 milyon manat məbləğində büdcədənkənar xərc formalaşıb. Lakin bu göstərici Fondun real pul axınlarını deyil, aktivlərin bazar qiymətləri üzrə yenidən qiymətləndirilməsindən yaranan uçot fərqlərini əks etdirir.

Aktivlər yüksək səviyyədə qorunur

2026-cı ilin əvvəlində ARDNF-nin aktivləri 73,5 milyard ABŞ dolları təşkil etdiyi halda, iyunun 30-na bu göstərici 72,6 milyard ABŞ dolları olub. Aktivlərin dəyərindəki azalma əsasən maliyyə bazarlarında baş verən qiymət dəyişiklikləri, valyuta məzənnələrinin təsiri və büdcəyə həyata keçirilən iri həcmli transfertlərlə bağlıdır. Buna baxmayaraq, 72,6 milyard dollarlıq aktiv həcmi ARDNF-ni regionun ən böyük suveren sərvət fondlarından biri kimi saxlayır və Azərbaycanın maliyyə təhlükəsizliyinin mühüm təminatçısı olaraq qalmasını göstərir.

ARDNF-nin 2026-cı ilin ilk yarısına dair maliyyə hesabatı göstərir ki, qlobal iqtisadi və geosiyasi çağırışlara baxmayaraq, Fond öz əsas funksiyalarını uğurla yerinə yetirir. Bir tərəfdən dövlət büdcəsinin maliyyələşdirilməsinə mühüm dəstək verilir, digər tərəfdən isə peşəkar investisiya idarəçiliyi sayəsində uzunmüddətli maliyyə dayanıqlılığı qorunur. Eyni zamanda, təhsil və insan kapitalına yönələn layihələrin maliyyələşdirilməsi neft gəlirlərinin gələcək inkişafın təmin edilməsinə xidmət etdiyini göstərir. Bütün bunlar ARDNF-nin yalnız cari maliyyə sabitliyinin deyil, həm də Azərbaycanın gələcək iqtisadi təhlükəsizliyinin əsas sütunlarından biri olaraq öz rolunu davam etdirdiyini bir daha təsdiqləyir.

Orxan Vahidoğlu, “İki sahil”