24 iyul 2026 10:28
111

Ülviyyə Ağayeva: Həsən bəy Zərdabinin mirası - milli mətbuatımızın əbədi məktəbi

22 İyul - Milli Mətbuat Günüdür. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Tariximizin bu səhifəsi 1875-ci il iyulun 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin  əsasının qoyması ilə açılmışdır, bu da xalqımızın milli oyanışında yeni bir mərhələ olmuşdur. Bu gün Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasından 151 il ötür.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.

Deputat diqqətə çatdırıb ki, 1875-ci ilin 22 iyulunda vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilmişdir. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. Əslində, bu elə də böyük müddət deyil, cəmi 56 nömrə də böyük həcm deyil. Ancaq bu işin mahiyyəti, hansı çətinliklərlə üzləşməsi, amalı, özündən sonra buraxdığı iz, sonrakı nəsillərə miras qoyduğu ənənə heç bir ölçüyə gəlmir.  Məhz bu qəzetin nəşrə başlaması ilə ana dilimizin müasir şəkildə formalaşması, ana dilinə önəm verilməyə başlanmış, qəlbində qəzetin səsləndirdiyi ideyalar cücərməyə başlayan digər ziyalılarımız da bu əlamətdar hadisədən ruhlanmış, qəzetin ətrafında toplaşaraq bütün səy və qüvvələri ilə ana dilimizə, xalqımıza fayda verməyə, xalqı əsrlərin qaranlığından çıxarmağa, millətin gözünü açmağa çalışmışlar. “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının - Nəcəf  bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.

Ülviyyə Ağayeva vurğulayıb ki, Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini inkişaf etdirən “Əkinçi” qəzetinin xalqımızın milli özünüdərkində, milli oyanışında müstəsna rolu olmuşdur. Qəzetdə  H.Zərdabinin ətrafına toplanmış maarifpərvər ziyalılarmız  xalqı cəhalət yuxusundan oyatmaq üçün gecə-gündüz bilmədən, həyatlarını təhlükə və təqiblər qarşısında qoyaraq çalışırdılar. Sözsüz ki, XX əsrdə olduğu kimi, o zamankı çar Rusiyasında da Azərbaycanın dirçəlməsi, maariflənməsi, ağı qaradan seçə bilməsi hakim dairələri razı sala bilməzdi. Elə buna görə də qəzetimizin ömru az olmuşdu. Cəmi iki il. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, iki illik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi”  və digər qəzetlər davam etdirdi.

Bu gün müstəqil Azərbaycan hərtərəfli inkişaf edən, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlətdir. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması, demokratik dəyərlərin inkişafı və müasir informasiya məkanının formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Milli mətbuatımızın keçdiyi şərəfli yol, onun cəmiyyətin inkişafına verdiyi töhfələr bu gün də böyük ehtiramla yad edilir.

22 İyul - Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və söz adamlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram.