29 iyul 2026 19:03
110

İsti hava psixi sağlamlığa necə təsir göstərir?

Böyük Britaniyada yay mövsümünün dördüncü isti hava dalğasının müşahidə olunması və ölkənin müxtəlif bölgələrində yüksək temperaturla bağlı xəbərdarlıq səviyyəsinin artırılması mütəxəssislərin diqqətini psixi sağlamlıqla bağlı risklərə yönəldib. Ekspertlər bildirirlər ki, isti havanın bir neçə gün və ya həftə davam etməsi bəzi insanlarda "isti hava narahatlığı" adlandırılan psixoloji vəziyyətə səbəb ola bilər.

“Cygnet Health Care” tibb müəssisəsinin klinik nevropsixoloqu Henk Swanepoelun sözlərinə görə, isti havalarda narahatlıq yüksək temperaturun yaratdığı stress, təşviş və emosional gərginliklə xarakterizə olunan psixoloji və fizioloji reaksiyadır.

Mütəxəssis bildirib ki, yüksək temperatur orqanizmdə əhval-ruhiyyə və emosional sabitlikdə mühüm rol oynayan serotonin və dopamin kimi neyromediatorların fəaliyyətinə təsir göstərə bilər. Bu dəyişikliklər isə əsəbilik, gərginlik və əhval dəyişikliklərinə səbəb ola bilər. Onun sözlərinə görə, isti hava zamanı bədən normal temperaturunu qorumaq üçün daha çox çalışır. Bu prosesdə kortizol və adrenalin kimi stress hormonlarının səviyyəsi yüksəlir. Nəticədə ürəkdöyünmə, narahatlıq və təşviş hissi yarana bilər.

Henk Swanepoel qeyd edib ki, gecələr havanın isti olması yuxunun keyfiyyətini də pisləşdirir. Orqanizm dərin yuxu mərhələsinə keçə bilmədikdə beynin emosiyaları tənzimləmə qabiliyyəti zəifləyir və insan gündəlik stresə daha həssas olur. Mütəxəssis hesab edir ki, bu vəziyyət qismən "ekoloji narahatlıq"la da əlaqəlidir. Onun sözlərinə görə, iqlim dəyişikliyi və ətraf mühitdə baş verən dəyişikliklərlə bağlı davamlı narahatlıq isti hava fonunda daha da güclənə bilər.

Henk Swanepoel bildirib ki, bu vəziyyətin əsas əlamətlərindən biri çıxılmazlıq hissidir. İnsanlar istilikdən uzaqlaşa bilmədiklərini düşündükdə özlərini aciz və müdafiəsiz hiss edə bilərlər. Mütəxəssisin sözlərinə görə, iqlim dəyişikliyinin yaratdığı davamlı narahatlıq, gələcəklə bağlı qorxu, həmçinin bu hissləri ətrafdakılarla bölüşməkdən çəkinmək də diqqət yetirilməli əlamətlər sırasındadır. O, qeyd edib ki, cəmiyyətdə günəşli havanın hər kəs üçün xoş olduğu barədə formalaşmış təsəvvür bəzi insanların isti havanın onlara fiziki və psixoloji təsir göstərdiyini gizlətməsinə səbəb ola bilər.

Nevropsixoloq yüksək temperaturun təsirini azaltmaq üçün ilk növbədə bədəni sərin saxlamağı tövsiyə edir. Onun sözlərinə görə, biləklərə, boynun arxa hissəsinə və ya sinəyə soyuq kompres qoymaq bədən temperaturunun aşağı salınmasına kömək edə bilər. Mütəxəssis, həmçinin vurğulayıb ki, ürəkdöyünmə və tərləmə əksər hallarda panik atakın deyil, orqanizmin istiliyi tənzimləmək üçün verdiyi təbii reaksiyanın göstəricisidir.

Henk Swanepoel nəfəs məşqlərinin və şüurlu şəkildə diqqəti indiki ana yönəltməyə kömək edən diqqət məşqləri (mindfulness) üsullarının da faydalı ola biləcəyini bildirib: “Bir neçə saniyə ərzində dərindən nəfəs almaq, nəfəsi qısa müddət saxlamaq və yavaş şəkildə buraxmaq sinir sisteminin gərginliyini azaltmağa kömək edir.”

Mütəxəssis gün ərzində kifayət qədər su qəbul etməyi də vacib hesab edir. O bildirib ki, susuzlaşma başgicəllənməsi, ürək döyüntüsünün sürətlənməsi və panik ataka bənzər əlamətlər yarada bilər: “Bundan əlavə, isti hava ilə mübarizə aparmaq əvəzinə, gündəlik fəaliyyətləri hava şəraitinə uyğun planlaşdırmaq tövsiyə olunur. Günün ən isti saatlarında birbaşa Günəş altında qalmamaq, vacib görüşləri səhər və ya axşam saatlarına salmaq, mümkün olduqda qapalı məkanlarda vaxt keçirmək psixoloji gərginliyin azalmasına kömək edə bilər. Bununla yanaşı, hava proqnozlarını və iqlim dəyişikliyi ilə bağlı xəbərləri davamlı izləmək də narahatlığı artıra bilən davranışlardır. Bu məlumatlarla təmasın müəyyən qədər məhdudlaşdırılması psixoloji vəziyyətə müsbət təsir göstərə bilər.”

Henk Swanepoel sonda qeyd edib ki, isti hava ilə bağlı narahatlıq uzun müddət davam edir, gündəlik həyata mane olur, təkrarlanan mənfi fikirlərdən uzaqlaşmaq mümkün olmursa və ya yaxınları şəxsin davranışında nəzərəçarpacaq dəyişikliklər müşahidə edirlərsə, psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssisə müraciət etmək məqsədəuyğundur. Onun sözlərinə görə, psixi sağlamlıq problemi olan şəxslərdə yüksək temperatur depressiya və təşviş əlamətlərini daha da gücləndirə bilər.

Şahnigar Əhmədova, “İki sahil”