30 iyul 2026 11:00
169

Diplomatik görüşlər və beynəlxalq dialoq məkanı

Azad edilmiş ərazilər:  Tarixi Zəfərdən beynəlxalq əməkdaşlıq platformasına

Azad edilmiş ərazilərimizdə  beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, həmçinin bu və ya digər ölkənin dövlət, hökumət başçılarının bu torpaqlarda qarşılanması,  həmin məkanlardan Azərbaycanın  xarici siyasət uğurlarının beynəlxalq ictimaiyyətə təqdimatı qürurverici məqamlardandır. Azərbaycanla dost, qardaş, strateji müttəfiq olan ölkələrin  azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə dəstəyi, bu torpaqlara hədiyyələri də diqqətdən kənarda qalmır.

Bir müddət öncə Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada qarşılanma mərasimi oldu. Slovakiya Prezidenti dövlətimizin başçısı İlham Əliyev ilə Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar. Səfərin mühüm məqamlarından biri təbii ki, prezidentlərin Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanışlığı olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlqoyma mərasimlərində iştirak etmələri oldu. Məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur. Prezident Peter Pelleqrinin bildirdi ki, bu ərazinin azad edilməsindən sonra qısa müddət ərzində burada əldə olunmuş nailiyyətləri ehtiramla və iftixarla qeyd edirəm. Olduqca şadam və fərəhlənirəm ki, slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər: “Bu kənddə yaşayacaq uşaqlar üçün məktəb və ətraf sahə görkəmli tarixi şəxsiyyət, slovak generalı Milan Rastislav Ştefanikin adını daşıyacaq. Beləliklə, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin, həmçinin Slovakiyaya bağlılığı olacaq.”

  Ötən ay Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində  Füzuli rayonunda oldu. Füzuli Beynəlxalq Hava Limanında türkmənistanlı həmkarını qarşlayan cənab İlham Əliyev onunla Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar. Onu da qeyd edək ki, Türkmənistan tərəfindən Füzulidə məscid tikilir. Bu məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoydular.

   Dost, qardaş ölkələrin azad Qarabağın və azad Şərqi Zəngəzurun bərpasına töhfələrini xeyli sayda sadalaya bilərik. Bütün bunlar qarşılıqlı  hörmətə, dostluğa, qardaşlığa söykənən addımların tərkib hissəsidir.  Dövlət başçısı İlham Əliyev  çıxışlarında türk dövlətlərinin dəstəyinə diqqəti yönəldərək daim  bu məqamları xüsusi qeyd edir ki, həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir. Artıq Özbəkistan tərəfindən  hədiyyə edilmiş Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib: “Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik.”

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir. Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. Bu günlərdə keçirilən IV Şuşa Qlobal Media Forumu  çərçivəsində aparılan müzakirələrdə də əsas diqqət göstərilən məsələlərdən biri məhz Qarabağın və Şərqi Zəngəzurun bərpası oldu. Cənab İlham Əliyev bildirdi ki, qlobal gündəliyimizdə dayanan əsas məsələlərdən biri davamlı inkişafın təmin edilməsi, Qarabağın bərpası və yenidən qurulmasının başa çatdırılması, eləcə də yeni nəqliyyat marşrutlarının və bağlantı imkanlarının formalaşmasına xidmət edəcək bütün layihələrimizin uğurla tamamlanmasıdır. 

Yeganə Əliyeva, “İki sahil”