04 avqust 2026 11:00
88

Günəş şüaları uşaqlar üçün nə vaxt təhlükəyə çevrilir?

Pediatr: Günəş şüalarının ən güclü olduğu saatlarda açıq havada qalmaq uşaqlarda həm günvurmaya, həm də dəri yanıqlarına səbəb ola bilər

Yay mövsümü uşaqların ən çox açıq havada vaxt keçirdiyi, parkların, çimərliklərin və istirahət məkanlarının daha çox seçildiyi dövrdür. Günəş işığı uşaqların fiziki inkişafı, aktiv həyat tərzi və ümumi sağlamlığı üçün vacib amillərdən biri hesab olunsa da, yüksək temperatur və intensiv ultrabənövşəyi şüalanma müəyyən riskləri də özü ilə gətirir. Xüsusilə son illərdə iqlim dəyişiklikləri fonunda daha uzun sürən istilər və temperatur rekordları uşaqların sağlamlığının qorunmasını daha da aktual məsələyə çevirib.

Uşaq orqanizmi böyüklərlə müqayisədə istiliyə fərqli reaksiya verir. Onların bədənində istilik tənzimləmə mexanizmi tam formalaşmadığından uzun müddət yüksək temperaturun təsiri altında qalmaq orqanizmdə maye itkisinin artmasına, fiziki yorğunluğa və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də isti havalarda uşaqların gündəlik rejiminin düzgün qurulması, maye qəbulunun təmin edilməsi, geyim seçimi və açıq havada keçirdikləri vaxtın planlaşdırılması mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislər qeyd edirlər ki, yay aylarında uşaqların sağlamlığının qorunması yalnız günəşdən qoruyucu vasitələrdən istifadə ilə məhdudlaşmır. Valideynlər gün ərzində hava şəraitini nəzərə almalı, uşaqların uzun müddət birbaşa günəş altında qalmasına yol verməməli, kölgəlik məkanlara üstünlük verməli və xüsusilə yüksək temperaturun müşahidə olunduğu günlərdə ehtiyatlı davranmalıdırlar. Həmçinin uşaqlarda yarana biləcək təhlükəli əlamətlərin vaxtında tanınması və onlara düzgün ilkin yardım göstərilməsi daha ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Bəs günəş şüalarının təsirinə qarşı daha həssas olan uşaqlar kimlərdir? Valideynlər hansı yanlış davranışlardan çəkinməlidirlər? Günvurma və istilik vurması zamanı hansı əlamətlər təhlükə siqnalı hesab olunur və ilk yardım necə göstərilməlidir?

D vitamini naminə edilən yanlışlar təhlükəni artırır

Pediatr Gülnar Abdullayeva “İki sahil”ə açıqlamasında  bildirdi ki, həssas dəriyə malik və günəş şüalarının təsirinə daha çox məruz qala bilən uşaqlar arasında yeni doğulmuş körpələr xüsusi diqqət tələb edir. Xüsusilə 0-3 aylıq körpələr günəşdən qorunmalıdır. Bunun əsas səbəbi onların dəri təbəqəsinin daha nazik olmasıdır. Nazik dəri günəş şüalarının təsirinə qarşı daha həssas olduğundan bu yaş qrupunda günəş yanıqları riski də yüksəkdir.

Valideynlərin uşaqları günəşə çıxararkən yol verdiyi əsas səhvlərdən biri onların daha çox D vitamini qəbul etməsi məqsədilə günəş altında uzun müddət saxlanılmasıdır. Bəzən valideynlər günəş altında qalma müddətinə və günün hansı saatında çölə çıxmağın daha təhlükəsiz olduğuna diqqət yetirmirlər. Digər tərəfdən, uşağın hava şəraitinə uyğun geyindirilməməsi, xüsusilə isti havada həddindən artıq qalın geyindirilməsi də istilik vurmasına və günvurmaya səbəb ola bilər.

Günəşin zərərli təsirinin daha çox olduğu saatlarda uşağın açıq havada saxlanılması nəticəsində günvurma ilə yanaşı, dəridə yanıq, halsızlıq və ümumi narahatlıq da yarana bilər.

İlk dəqiqələrdə atılan düzgün addımlar həyati əhəmiyyət daşıyır

Pediatr qeyd etdi ki, günvurma və istilik vurmasının ilkin əlamətləri arasında göz qaralması, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, başgicəllənmə, kəskin baş ağrısı və hətta huşun itirilməsi ola bilər.

Belə vəziyyət zamanı ilk növbədə uşaq həddindən artıq qalın geyindirilibsə, üst geyimləri çıxarılmalı, üzü və əlləri sərin su ilə yuyulmalı, az miqdarda su verilməli və sərin yerə aparılmalıdır. Uşağın fiziki aktivliyi məhdudlaşdırılmalı və istirahət etməsi təmin olunmalıdır. Əgər qusma davam edərsə, güclü halsızlıq, huşun itirilməsi və ya vəziyyətin daha da ağırlaşması müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Nigar Orucova, "İki sahil"