04 avqust 2026 11:17
112

SOCAR: İtaliyada investisiya layihələri və aktivlərin alınması ilə bağlı məsələlər plan üzrə qiymətləndirilir

SOCAR tərəfindən İtaliyada yeni investisiya layihələri və ya əlavə aktivlərin əldə olunması ilə bağlı məsələlər hazırda formalaşdırılan investisiya planı çərçivəsində qiymətləndirilir. Müvafiq qərarlar qəbul edildikdən sonra bu barədə ictimaiyyətə rəsmi məlumat təqdim olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.

“Bununla yanaşı, mövcud layihələrin icrası plan üzrə davam etdirilir. Bu istiqamətdə mühüm nümunələrdən biri 2025-ci ilin iyun ayında İtaliyanın Trecate şəhərində yerləşən SARPOM neft emalı zavodunda yaşıl hidrogen istehsalına xidmət edən ölkənin ilk “Hydrogen Valley” layihəsi üzrə işlərə başlanılıb. Layihə şirkətin enerji keçidi, innovasiya və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm nümunələrindən biridir”, - deyə SOCAR-ın məlumatında qeyd olunur.

Xatırladaq ki, SOCAR 2025-ci ilin sentyabrında İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 99,82 faiz səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Səhmlərin alınması prosesi bu ilin mayında tamamlanıb. Mayın 28-də isə Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub.

Həmçinin iyulda SOCAR ilə “Technip Energies Italy S.p.a.” arasında anlaşma memorandumu imzalanıb, sənəd “Petkim Master Plan” layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.