8 avqust 2025-ci il Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tarixi görüş regionda onilliklər boyu davam etmiş qarşıdurmanın siyasi-diplomatik müstəvidə aradan qaldırılması istiqamətində yeni mərhələnin əsasını qoydu.
Lakin Vaşinqtonda baş verənləri yalnız həmin gün imzalanan sənədlər və keçirilən görüş çərçivəsində qiymətləndirmək doğru olmazdı. Bu hadisənin əsl mahiyyəti daha genişdir. Çünki 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunan nəticə Azərbaycanın illər ərzində həyata keçirdiyi ardıcıl, məqsədyönlü və milli dövlətçilik maraqlarına əsaslanan siyasətin mühüm diplomatik nəticəsi idi.
Bu baxımdan Vaşinqton prosesinə nəzər salarkən ilk növbədə bir mühüm həqiqət önə çıxır: Cənubi Qafqazda sülh gündəliyini Azərbaycan formalaşdırıb. Bu təşəbbüsün siyasi müəllifi isə möhtərəm Prezident İlham Əliyevdir.
Sülh təşəbbüsü Azərbaycanın siyasi iradəsindən doğdu
Azərbaycanın sülh siyasətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, Bakı sülhü zəiflikdən deyil, güc və milli maraqların təmin edilməsindən irəli gələn siyasi seçim kimi müəyyənləşdirib.
Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət kimi regionda yeni siyasi reallıq yaratdı. 2023-cü ildə ərazi bütövlüyünün tam təmin olunması ilə bu reallıq daha da möhkəmləndi. Bunun ardınca Azərbaycan revanşist yanaşmalara deyil, sülhə, əməkdaşlığa və regional inteqrasiyaya üstünlük verdi.
Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürüldü. Dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qarşılıqlı tanınması, ərazi iddialarından imtina, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması kimi müddəalar Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasının əsasını təşkil etdi.
Deməli, bu gün regionda müzakirə olunan sülh gündəliyinin əsas siyasi prinsipləri kənardan gətirilməyib. Onların müəllifi Azərbaycan dövlətidir.
Prezident İlham Əliyevin müxtəlif çıxışlarında dəfələrlə vurğuladığı kimi, Azərbaycan müharibədən sonra sülh təşəbbüsü ilə çıxış edib, beş əsas prinsip hazırlayıb və Ermənistan tərəfinə təqdim edib. Buna görə də Vaşinqtonda paraflanan sülh sazişi mətni qəfil meydana çıxmış diplomatik nəticə deyil. Bu sənəd Azərbaycan Prezidentinin illər əvvəl müəyyən etdiyi siyasi xəttin məntiqi davamıdır.
Dövlət maraqları və sülh bir-birini tamamlayır
Azərbaycanın sülh siyasətinin mühüm cəhəti ondan ibarətdir ki, burada dövlət maraqları ilə sülh təşəbbüsü bir-birinə alternativ deyil, əksinə, bir-birini tamamlayan amillərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəlcə öz milli təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etdi. Bundan sonra qarşı tərəfə sülh təklif etməklə göstərdi ki, Azərbaycanın məqsədi regionda yeni qarşıdurma yaratmaq deyil, uzunmüddətli və dayanıqlı sülh sisteminin formalaşdırılmasıdır.
Bu yanaşmanın arxasında ciddi dövlətçilik fəlsəfəsi dayanır. Azərbaycan üçün sülh yalnız müharibənin olmaması demək deyil. Sülh eyni zamanda suverenliyin qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi və xalqların rifahının yüksəldilməsidir.
Bu səbəbdən Azərbaycanın irəli sürdüyü sülh gündəliyi yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını nəzərdə tutmur. Bu gündəlik bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir.
Vaşinqton Azərbaycanın siyasi xəttini beynəlxalq müstəvidə möhkəmləndirdi
8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən görüş Azərbaycanın sülh təşəbbüsünün beynəlxalq müstəvidə daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in razılaşdırılmış mətnini paraflaması mühüm siyasi hadisə idi. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Birgə Bəyannamə imzalaması isə prosesin siyasi əhəmiyyətini daha da artırdı.
Sənəddə sülh sazişinin paraflanması ilə yanaşı, ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların bağlanması istiqamətində addımların atılması, regional kommunikasiyaların açılması və TRIPP layihəsinin reallaşdırılması ilə bağlı mühüm müddəalar öz əksini tapdı.
Bütün bunlar Azərbaycanın illərdir müdafiə etdiyi mövqenin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
Azərbaycan uzun müddət idi ki, artıq öz tarixi missiyasını başa vurmuş Minsk prosesinin davam etdirilməsinin regionda sülhə xidmət etmədiyini bildirirdi. İşğal faktı aradan qalxdıqdan, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra keçmiş münaqişənin yaratdığı vasitəçilik mexanizmlərinin saxlanılması məntiqsiz idi. Vaşinqtonda bu reallığın siyasi ifadəsi öz əksini tapdı.
Beləliklə, Azərbaycan yalnız müharibənin nəticələrini dəyişmədi, həm də münaqişə ətrafında uzun illər formalaşmış siyasi yanaşmaların yenilənməsinə nail oldu.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti
Azərbaycanın əldə etdiyi bu nəticələri Prezident İlham Əliyevin uzaqgörən və çoxşaxəli siyasətindən ayrı təsəvvür etmək mümkün deyil.
Dövlətimizin başçısının siyasi kursunda əsas xətt həmişə Azərbaycanın milli maraqlarının qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi olub.
Vətən müharibəsində qazanılan tarixi Zəfər də məhz bu siyasətin nəticəsi kimi Azərbaycan xalqının yaddaşına həkk olundu. Lakin həmin Zəfərin əhəmiyyəti yalnız hərbi nəticələrlə məhdudlaşmır. Əsas məsələ Azərbaycanın əldə etdiyi üstünlüyü siyasi və diplomatik imkanlara çevirməsi idi.
Prezident İlham Əliyev bunu həyata keçirdi.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, suverenliyini təmin etdi, sərhədlərinin delimitasiyası prosesini irəli apardı və bundan sonra Ermənistanla sülh sazişinin hazırlanması təşəbbüsünü öz üzərinə götürdü.
Bu ardıcıllıq təsadüfi deyil. Əksinə, bu, dövlətçilik baxımından düşünülmüş strategiyanın göstəricisidir: əvvəlcə milli təhlükəsizliyin və suverenliyin təmin edilməsi, daha sonra həmin möhkəm təməl üzərində sülhün və əməkdaşlığın qurulması.
Trampın siyasi dəstəyi və Vaşinqton amili
Vaşinqton prosesində ABŞ Prezidenti Donald Trampın rolunu da xüsusi qeyd etmək lazımdır. Prezident Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə bir araya gətirməklə sülh prosesinə yüksək səviyyədə siyasi dəstək verdi.
Lakin burada bir məqamı xüsusi vurğulamaq vacibdir: ABŞ-ın və digər beynəlxalq aktorların dəstəyi Azərbaycanın təşəbbüsünü əvəz etmir. Əksinə, Vaşinqton görüşünün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın formalaşdırdığı sülh gündəliyi böyük beynəlxalq siyasi platformada dəstəkləndi.
Bu, Azərbaycanın diplomatik çəkisinin və Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir.
Vaşinqton görüşü eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına səbəb oldu. 8 avqust 2025-ci ildə iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərin inkişafında mühüm addım idi.
Sonrakı mərhələdə bu siyasi xətt daha da inkişaf etdi və 2026-cı il fevralın 10-da Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə yeni institusional mərhələyə keçdi.
Bu fakt bir daha göstərir ki, Vaşinqton prosesi yalnız Azərbaycan-Ermənistan sülhü ilə məhdudlaşmır. O, Azərbaycanın beynəlxalq tərəfdaşlıq sisteminin genişlənməsinə də ciddi təsir göstərir.
Sülhün iqtisadi dayaqları
Azərbaycanın sülh konsepsiyasının digər mühüm xüsusiyyəti sülhlə iqtisadi inkişafı bir-birindən ayırmamasıdır.
Vaşinqtonda regional kommunikasiyaların açılması ilə bağlı əldə olunan razılaşmalar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. TRIPP layihəsi yalnız nəqliyyat infrastrukturu deyil, eyni zamanda sülhün iqtisadi əsaslarını formalaşdırmaq baxımından strateji əhəmiyyət daşıyan təşəbbüsdür.
Azərbaycan üçün Naxçıvanla bağlantının gücləndirilməsi mühüm milli maraqdır. Eyni zamanda bu bağlantının açılması region ölkələri üçün yeni iqtisadi imkanlar yarada bilər. Ermənistan tranzit imkanlarından faydalana, Türkiyə və Azərbaycan arasında nəqliyyat əlaqələri daha da möhkəmlənə, Orta Dəhlizin əhəmiyyəti arta bilər.
Beləliklə, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi yalnız siyasi sənədlərdən ibarət deyil. Onun arxasında regionun iqtisadi gələcəyini dəyişə biləcək konkret layihələr dayanır.
Azərbaycan yeni regional düzənin əsas aktorudur
Bu gün Cənubi Qafqaz 2020-ci ildən əvvəlki Cənubi Qafqaz deyil.
İşğal faktı aradan qalxıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Separatizm təhlükəsi aradan qaldırılıb. Dövlət sərhədlərinin delimitasiyası istiqamətində proses davam edir. Regional kommunikasiyaların açılması üçün siyasi və iqtisadi imkanlar formalaşıb.
Bütün bunların fonunda Azərbaycanın regiondakı mövqeyi də keyfiyyətcə dəyişib.
Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Avrasiya məkanının mühüm nəqliyyat, enerji və geosiyasi mərkəzlərindən biri kimi çıxış edir. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Zəngəzur istiqamətində formalaşan yeni imkanlar Azərbaycanın regional rolunu daha da gücləndirir.
Bu reallığın siyasi əsasını isə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl dövlət siyasəti təşkil edir.
Sülhün müəllifi olmaq məsuliyyət də yaradır
Azərbaycanın sülh təşəbbüsünün müəllifi olması eyni zamanda böyük siyasi məsuliyyət deməkdir. Bakı dəfələrlə bəyan edib ki, əldə olunan razılaşmaların davamlı olması üçün qarşılıqlı öhdəliklərə hörmət edilməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı iddialardan tamamilə imtina olunmalıdır.
Sülh yalnız sənəd üzərində yazılan müddəalardan ibarət deyil. Onun dayanıqlılığı qarşılıqlı etimadın formalaşdırılmasından, sərhədlərin müəyyənləşdirilməsindən, kommunikasiyaların açılmasından və dövlətlərarası münasibətlərin normal məcraya düşməsindən asılıdır.
Azərbaycan bu prosesdə öz mövqeyini aydın müəyyənləşdirib: regionda yeni qarşıdurma deyil, davamlı sülh; yeni ərazi iddiaları deyil, suveren dövlətlərin qarşılıqlı tanınması; qapalı sərhədlər deyil, açıq kommunikasiyalar; qarşıdurma deyil, əməkdaşlıq.
Bu, Azərbaycanın milli maraqları ilə tam uzlaşan mövqedir.
Bir ildən sonra Vaşinqtonun əsas mesajı
8 avqust 2025-ci ildən bir il sonra həmin tarixi günün əsas siyasi mesajı daha aydın görünür.
Vaşinqton sammiti sülhü kənardan gətirmədi. Azərbaycan uzun illər ərzində formalaşdırdığı siyasi xətti Vaşinqton platformasına çıxardı və beynəlxalq dəstək qazandı.
Bu baxımdan 8 avqust Azərbaycan diplomatiyasının uğurudur. Çünki Azərbaycan əvvəlcə öz gücünə və milli iradəsinə söykənərək tarixi ədaləti bərpa etdi, sonra isə həmin Zəfəri sülh təşəbbüsünə çevirdi.
Prezident İlham Əliyevin siyasətinin əsas üstünlüyü də məhz bundadır: Azərbaycan heç vaxt proseslərin passiv iştirakçısı kimi çıxış etmir. Ölkəmiz milli maraqlarını dəqiq müəyyənləşdirir, məqsədlərini ardıcıl şəkildə həyata keçirir və regionda yaranan yeni reallıqların formalaşmasına fəal təsir göstərir.
Vaşinqton prosesi bunun ən parlaq nümunələrindən biridir.
Bu gün Azərbaycanın qarşısında yeni tarixi vəzifə dayanır: formalaşmış sülh imkanlarını davamlı regional əməkdaşlığa çevirmək. Bunun üçün siyasi iradə, iqtisadi imkanlar, nəqliyyat və enerji potensialı, beynəlxalq tərəfdaşlıq və ən əsası, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs mövcuddur.
Azərbaycan sülhə gedən yolu öz təşəbbüsü ilə açıb.
Bu yolun əsasını Azərbaycanın dövlət maraqları, ərazi bütövlüyü və suverenliyi təşkil edir. Bu yolun siyasi memarı Prezident İlham Əliyevdir. Bu yolun hədəfi isə yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil, Cənubi Qafqazın uzunmüddətli sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsidir.
Vaşinqtondan doğan yeni reallığın əsas mahiyyəti də budur: Azərbaycan artıq regionda baş verən proseslərin yalnız iştirakçısı deyil, siyasi gündəliyi formalaşdıran, sülh təşəbbüsünü irəli sürən və öz milli maraqları əsasında yeni regional düzənin qurulmasına rəhbərlik edən əsas dövlətdir.
SƏBİNƏ SALMANOVA,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü