11 avqust 2026 14:03
101

Yaxşılığı mənəvi borc bilirdi...

Ömür rəqəmlərlə ifadə edilmir. Ömür fəaliyyətlə müəyyənləşdirilən zaman vahididir. Rəqəmlər unudula da bilər, fəaliyyət heç zaman unudulmur. Tarixin yaddaşında da qalır, insan­la­rın xatirələrində də. Zaman keçdikcə bu xatirələr də tarixləşir. Belə ömürlərə duru ömür de­yirlər. Xalq duru ömürləri həmişə ehtiramla yaşadır. Özünə aid olan illəri xalqı üçün ya­şayanlar, böyük Səməd Vurğunun təbirincə desək, dünyada əbədi bir nəğmə tək yaşayır. Nadir Seyfulla oğlu Hacıyev belə bir ömür yaşadı...

Nadir Seyfulla oğlu 1946-cı il avqustun 16-da Zəngilan rayonunun Pirçivan kəndində (indiki Zəngilan şəhərində) anadan olmuşdu. Uşaqlığı da, gəncliyi də burada keçmişdi. O da zəhməti sev­mişdi, xarakteri bu sevgi ilə formalaşmışdı.

Nadir Seyfulla oğlu məktəbdə fərqlənir, müəllimlərinin ümid yeri kimi seçilirdi. 1963-cü ildə Pirçivan qəsəbə orta məktəbini (indiki Zəngilan şəhər 1 nömrəli orta məktəbini) bitirib elə həmin il Azərbaycan Politexnik İnstitutuna daxil oldu.

Seçdiyi ixtisas — kimya texnologiyası proseslərinin avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi (toxucu sənayesinin avtomatlaşdırılması) onun gələcək həyat yolunu müəyyənləşdirən mühüm mərhələ–gələcəyin yüngül sənayesinə açılan bir qapı oldu. 1969-cu ildə ali təhsilini uğurla başa vurdu və Dövlət İmtahan Komissiyasının 27 iyun 1969-cu il tarixli qərarı ilə ona avtomatlaşma üzrə mühəndis-elektromexanik ixtisası verildi. Bu, onun zəhmətinin bəhrəsi idi – “zəhmət çəkənin çörəyi şirin olar”.

1969-cu il avqustun 4-də Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı Zərif Mahud Kombinatının Əyrici fabrikində elektromexanik vəzifəsinə təyin olundu. Lakin çox keçmədən hərbi xidmətə çağırıldı və 1969-cu il noyabrın 25-dən 1970-ci il dekabrın 14-dək Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olddu. Tərxis edildikdən sonra 1971-ci il yanvarın 29-dan 1977-ci il iyulun 7-dək  Bakı Toxuculuq Fabri­kin­də plüş sexinin (fabrikdə tüklü, yumşaq parça istehsal edən bölmə) rəisi, plüş sexində keyfiyyət üzrə müfəttiş, mühəndis-texnoloq, texniki şöbənin rəisi və mühəndis kimi mə­sul vəzifələrdə çalışdı. Hər vəzifənin öz çətinlikləri vardı. Onun fəaliyyəti sanki bir toxucunun ilmə-ilmə qurduğu xalçaya bənzəyirdi – hər il­mə dəqiq, hər naxış yerində olurdu. Bu, məsləhətin, məsləhətlə bir sırada ciddi nəzarətin nəticəsi idi. İstehsalatın təşkili, planların yerinə yetirilməsi, avadanlıqların saz sax­la­nılması, məhsulun keyfiyyətinə nə­za­rət – bunlar Na­dirin gündəlik fəaliyyətinin texnoloji düsturu idi. Bütün iş günləri belə başla­yırdı, belə yekunlaşırdı.

1977-ci il avqustun 15-dən 1978-ci ilin aprelinə kimi fabrikin direktoru vəzifəsini müvəqqəti icra etdi. 1978-ci il aprelin 6-dan Bakı Toxuculuq Fabrikinin baş mühəndisi və­zifəsinə təyin edildi və 1982-ci il oktyabrın 1-dək bu vəzifədə çalişdi. Yaxşı iş işıq kimidi, uzaqdan da görünür, həm də aydınlığı ilə görünür. Qəlbi təmizlər bilir ki, o işıq əhatələdiyi sahələrin aydınlıq səmasına dönür. Nadir Seyfulla oğlu bu vəzifədə də məsu­liy­yətlə işlədi, ürəyinin diqtəsi ilə işlədi, malik olduğu yüksək fəzilətlərlə işlədi, tapşırılanların vax­tın­da və key­fiyyətlə yerinə yetirilməsini təmin etməklə işlədi.

“İgidin sağı-solu olmur”; yaxşı mütəxəssis üçün harada işləmək o qədər də əhəmiyyətli olmur, necə iş­lə­mək əhəmiyyətli olur. Necə işləmək kadrın işə münasibəti deməkdir, işə sevgisi deməkdir, özünə, de­mə­li cəmiyyətə ehtiramı deməkdir. İşinə görə tanınanlar işinə görə də sevilir, bu sevilmə cəmiyyətin sevgi­si­nə dönür. Bu sevgi, mahiyyəti baxımından, el sevgisi deməkdir... Nadir Seyfulla oğlunu işlə­diyi kollektiv sevirdi, onun haqqında ictimaiyyət də eşitmişdi, ictimaiyyət də sevirdi. Onun işə münasibəti, savadı, qabiliyyəti işlədiyi müəssisə ilə məh­dud­laş­madı, Yerli Sənaye Nazirliyi sistemində yaxşı mütəxəssis kimi tanınırdı.  

1978-ci il oktyabrın 26-dan 1986-cı il fevralın 27-dək Azərbaycan SSR Yerli Sənaye Nazir­li­yinin aparatında texniki təhlükəsizlik üzrə mühəndis, istehsalat və texniki şöbələrdə mühən­dis vəzifələrində işlədi. Sonralar – 1986-cı il fevralın 28-dən 1990-cı il sentyabrın 17-dək Qalanteriya Malları İsteh­salat Birliyinin baş mühəndisi və Toxuculuq fabrikinin direktoru, 1990-cı il sentyabrın 18-dən 1996-cı il martın 3-dək həmin birliyin direktoru oldu. İstehsalatın in­ki­şafı, avadanlıqların modernləş­di­rilməsi, fasiləsiz və təhlükəsiz işləmənin təmin edilməsi baxı­mından sənayedə mühüm irəliləyişlər oldu. Nazirlik Nadir Seyfulla oğlunun fəaliyyətini bütün para­metr­ləri ilə bə­yə­nirdi...

Nadir Hacıyev həm yaxşı mütəxəssis, həm məsuliyyətli vətəndaş, həm də yaxşı in­san idi. Onu belə tanıyırdılar, belə sevirdilər. 

1996-cı il mayın 20-dən 2003-cü il fevralın 1-dək Sabunçu Rayon Mənzil-Kommunal Tə­sər­rüfatı Bir­liyində (MKTB) müxtəlif rəhbər vəzifələrdə – mühəndis kommunikasiya şöbəsinin müdiri, MKTB rəi­sinin birinci müavini və MKTB rəisi vəzifələrində işləyəndə də belə tanındı. Bu, elə sahə idi ki, ona qayğı sabahlara qayğı demək idi. Sabahlar binaların davamlığının qorunması, bu baxımdan ömrünün uzadılması kimi qəbul edilirdi. Nadir tezisləri sevsə də tezis­lərlə işləmirdi. Bu sahənin mövcud tezisləri əsasında özü­nün fəaliyyətə tətbiqləri də xeyli səmərəli olurdu. Yaşayış binalarının saxlanılması, təmiri, mühən­dis-kommunikasiya sistemlə­ri­nin saz vəziyyətdə saxlanılması, həyət və mə­həl­lələrin abadlaşdırıl­ması istiqamətində mühüm işlər görülürdü. Sa­kin­lər bu dəyişiklikləri görürdü, duyurdu...

Yaşanılmış illər ömür deyil, ömür xalqın ruhunu rəvanlığa yönəldən aylardı, illərdi. Cəmiy­yətin tanıdığı, sevdiyi Nadir Seyfulla oğlunu belə tanıyırdılar, belə sevirdilər. Neçə on il­lərdən sonra cavanlıq dostlarından biri ehtiramla, sevgilərlə soruşmuşdu ki, necə elədin ki, hamı səni sevdi. Nadir gülümsün­müş­dü, “Məsuliyyətlə işlədim, işimi sevdim, dürüst yaşadım, dövlətə sədaqətlə xidmət etdim...” de­miş­di. Bu ifadələr onların ikisinin də ümu­mi tanışları arasında az qala deyim kimi yaşadılmışdı: işi sevmək, məsuliyyətli olmaq, dürüst yaşamaq. Bunlar həmişə yad­daş­larda yaşadılası fəzilətlərdəndir. Bu ifadələr, bu gözəl deyim sağlığında da xatırlanırdı, son nəfəsindən sonra da xatırlanır...

“Torpaq münbit olanda bitki gözəl böyüyür, oğul. Ailə tərbiyəsi də münbit torpaq ki­mi­di...”, – atasından eşitmişdi. Qardaşlarının yaşadığı illəri xatırlayırdı, onların işini xatırlayırdı, on­ları tanıyanların söhbətləri qardaşlarının sağlığında qüruruna dönürdü, sonralar təsəlliyə. Mək­təb­də də öyrənmişdi, institutda da, qardaşlarının yaşantılarından nümunə də götürmüşdü...

İn­san­ları sevirdi, insanlar onu sevirdi...

Nadir Seyfulla oğlu səmimi, mehriban, ürəyiyumşaq, səxavətli insan idi. Yüksək vəzi­fələrdə işləsə də ən yüksək vəzifənin insanlıq olduğunu deyirdi. Onun üçün həyatda ən ali qanun insanlıq qanunu idi. Zəngi­landan Bakıya gələn qohumları, dostları, tanışları onun evində qalır, onun qayğısını hiss edirdilər. O, hər kəsə dayaq olur, köməyə ehtiyacı olanların yanında da­yanırdı.

Ermənistanın Azərbaycandan ərazi iddiası səbəbindən elan edilmədən başlayan müharibə zəngilanlıları da əsgərləşdirmişdi. Onda Nadirin özü Zəngilandan uzaqda yaşasa da qəlbi Zəngi­lan­daydı. Həzrət Əlinin “Sağ əlin verdiyini sol əl bilməməlidi” kəlamını Nadir Seyfulla oğlu da heç zaman unutmamışdı, o illərdə də unutmadı. Zəngilanlı olduğunu əməli ilə təsdiqləyirdi. Dəfə­lərlə ziyalılarla birlikdə Zəngilana getmişdi, “Dərdi bölüşüb dərmanı yarılamaq” üçün səngər­lər­də dö­yü­şənlərlə görüşmüşdü, onlara həm maddi, həm də mənəvi yardım göstərənlərin sırasında olmuşdu. Şahidlər xatırlayır ki, Nadir müəllim səngərlərdə əsgərlərlə söhbətləşəndə xalqımızın dünənlərindən danışardı, bu günün qəhrəmanlıqlarını sabah­lara dü­şən işıq adlandırardı, “Bu Vətən sənindi, əsgər!, – deyərdi, “Zəngilanın sərhədləri sənin ürəyindən başlayır. Unutmursunuz ki, xalqı xalq edən onun mədəniyyəti olub, ədəbiyyatı olub, torpaqları olub, o torpaqları qoruyan oğulları olub. Sizi gələcək nəsillər də belə xatır­la­yacaq. Siz torpaqlarımızı qoruya-qoruya tarix yaradırsınız...”. Əsgərlər onu sevgilərlə dinlə­yərdi...

Zəngilanın işğaldan azad ediləcəyinə inanırdı! O günü böyük niyyətlərlə göz­ləyirdi. İna­nırdı ki, Zəngilana dönəcəklər, Zəngilanı yenə sevgiləriylə sevindirəcəklər. Bu ümidlə yaşayırdı Na­dir Seyfulla oğlu...

Nadir Seyfulla oğlu Hacıyevin ömrünü bulaq ömrünə bənzədənlər haqlıdır; bu bulağın mən­bəyində müqəddəslik də var, bu bulaq Zəngilanın Bartaz kəndində yaşayan Kərbəlayı Bəşirlə başlayan ruhun bulağıdı. Bu bulaqdan şaxələnən bulaqlar da duruluğuyla tanınıb, saflığıyla tanınıb. Kərbəlayı Bəşirin oğlu Seyfulla da ömrünü belə yaşayırdı, övladları da belə yaşadı...

Nadir müəllimin həyat yoldaşı Şəkər xanım fizika müəllimi idi. Üç övlad böyütmüşdülər. Babası Kərbəlayı Bəşirin ruhunun ağ yolu onun da ömrünün axarını müəyyənləşdirmişdi, o da atası kimi övlad­la­rını Vətənə sevgiylə boya-başa çatdırmışdı. Qızı Elnarə “Ömür insana bəşərə yardımçı olmaq üçün verilir” düşüncəsiylə həkim oldu, qızı Aynurə “Ömür insana cəmiyyətin mənəvi dünyasının nizama sa­lınması üçün verilir” düşüncəsiylə müəllim oldu, oğlu Elnur “Ömür insana yaşadığı cəmiyyətin iqtisadi münasibətlərinin tənzimlənməsi üçün verilir” düşüncəsiylə iqtisadçı oldu...

Nadir Seyfulla oğlu Hacıyev 2003-cü il fevralın 1-də rəhmətə getdi. Zəngilan nisgili onu son nəfəsi­nəcən tərk etmədi...

Zəngilanlılar da, Bakı da Nadir Seyfulla oğlunu böyük ürəkli insan kimi tanıdı, sevdi. Son nəfə­sin­dən sonra ötüşən illərdə də belə xatırlanır: Xeyirxah idi, insanlara yaxşılıq eləməyi nəinki sevirdi, bunu həm də özünə mənəvi borc bilirdi. Nadir Seyfulla oğlu Hacıyev bir ömrü bu borcu ye­rinə yetirmək üçün yaşadı...

Bayram Məmmədov,
Əməkdar müəllim