Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı muxtar respublikanın inkişafına dövlət dəstəyinin genişləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin icrasının sürətləndirilməsi baxımından yüksək əhəmiyyət kəsb edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli "İki sahil"ə bildirib ki, Sərəncam çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası energetika, avtomobil yolları, ictimai nəqliyyat, təhsil infrastrukturu, şəhər və rayonlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və istilik təchizatının müasirləşdirilməsi istiqamətində əlavə imkanlar yaradır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması Naxçıvanın iqtisadi potensialının daha səmərəli istifadəsinə, investisiya və biznes fəallığının artmasına, əhalinin rifahının yüksəldilməsinə və muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafının sürətləndirilməsinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində sənaye, energetika, nəqliyyat-logistika, sosial təminat, şəhərsalma, turizm və mədəni irsin qorunması sahələrini əhatə edən mühüm layihələr təqdim olunub, eləcə də ölkənin sosial-iqtisadi inkişafında fundamental əhəmiyyət kəsb edən bir sıra obyektlərin təməli qoyulub. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar. “Şəms 1” stansiyasının tam istismara verilməsindən sonra ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına ekvivalent həcmdə istehsalın yaradılması, təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınması və 12 milyon kubmetr təbii qaza qənaət edilməsi nəzərdə tutulur.
İİTKM-in sektor müdiri qeyd edib ki, Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafı regionun enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, gələcəkdə elektrik enerjisinin ixracına imkan yaratmaqla Azərbaycan-Türkiyə-Avropa enerji bağlantısının formalaşdırılması istiqamətində Naxçıvanı regional enerji tranzitinin mühüm elementinə çevirə bilər. Enerji təhlükəsizliyinin digər mühüm tərəfi İğdır-Naxçıvan qaz kəməridir. 2025-ci ildə istifadəyə verilmiş kəmər Naxçıvanın qazla təminat mənbələrinin şaxələndirilməsinə və enerji təchizatının dayanıqlığının yüksəldilməsinə xidmət edir.
Naxçıvan Sənaye Parkının yaradılması isə regionda iqtisadiyyatın istehsal və emal yönümlü strukturunun gücləndirilməsi, yeni investisiyaların və texnologiyaların cəlb edilməsi, yerli xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, ixracın və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. İnvestisiya təşviqi və digər dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi emal sənayesinə sahibkar marağının artmasına əlavə stimul yaradır. Eyni zamanda, Sənaye Parkında tikintisi nəzərdə tutulan 300 MVt gücündə istilik elektrik stansiyası həm Naxçıvanın artan enerji tələbatının uzunmüddətli təmin olunmasına, həm də gələcək ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Naxçıvanın 194,2 km-lik dəmir yolu infrastrukturunun yenilənməsi çərçivəsində 10 stansiya və 3 sərnişin platforması yenidən qurulur. Zəngəzur dəhlizi üzrə layihələr yekunlaşdıqdan sonra xəttin illik buraxılış qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Elşən Yusiflinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Naxçıvanı Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm logistika qovşağına çevirəcək. Bu bağlantı Azərbaycanın əsas hissəsi və Türkiyə dəmir yolu şəbəkəsi ilə birbaşa inteqrasiyanı təmin edəcək, logistika xərclərini azaldacaq və yeni biznes sahələrinin formalaşmasını sürətləndirəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında və “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər, Möminə Xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar. Eyni zamanda, Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməli qoyulub. İİTKM-in sektor müdiri bildirib ki, regionun sosial, turizm və mədəniyyət infrastrukturunun gücləndirilməsi istiqamətində icra olunan bu layihələr Naxçıvanda əhalinin əmək, məşğulluq, pensiya, sosial təminat və digər xidmətlərə çıxış imkanlarını genişləndirərək dövlət xidmətlərinin səmərəliliyinin yüksəldilməsinə, sosial rifahın gücləndirilməsinə, habelə tarixi və mədəni irsin qorunması ilə regionun turizm imkanlarının genişləndirilməsinə, eləcə də əhalinin mənzil əlçatanlığının yaxşılaşdırılmasına, şəhərin yaşayış fondunun yenilənməsinə və sosial infrastrukturun inkişafına xidmət edir. “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan” isə yaşayış keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, şəhərin turizm və investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.
Elşən Yusiflinin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, ölkə iqtisadiyyatına inteqrasiyasının dərinləşdirilməsinə və muxtar respublikanın istehsal, yaşıl enerji, logistika, ticarət və turizm mərkəzi kimi mövqeyinin güclənməsinə imkan yaradır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi, müasir infrastrukturun qurulması, iqtisadi potensialın səmərəli şəkildə reallaşdırılması, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də əhalinin rifahının yüksəldilməsi Dövlət Proqramına uyğun olaraq uğurla həyata keçirilir.