13 avqust 2026 11:44
94

Meditasiya beyində dəyişiklik yarada bilərmi?

Meditasiyanın insan orqanizminə təsiri ilə bağlı yeni araşdırmanın nəticələri göstərir ki, cəmi 7 günlük intensiv meditasiya proqramı yalnız rahatlama və stresin azalması ilə məhdudlaşmaya, beyində və orqanizmdə ölçülə bilən bioloji dəyişikliklərə səbəb ola bilər.

“Communications Biology” jurnalında dərc olunan araşdırmada tədqiqatçılar qısa müddətli, lakin intensiv zihin-bədən məşqlərinin beyinə və digər bioloji proseslərə təsirini araşdırıblar.

7 günlük proqramda nə baş verib?

Tədqiqatda sağlamlıq göstəriciləri qaydasında olan 20 nəfər iştirak edib. Onlar gündəlik məşğələlər, ümumilikdə təxminən 33 saatlıq istiqamətləndirilmiş meditasiya və digər əlaqəli tətbiqləri əhatə edən yeddi günlük gecələmə daxil olmaqla fəaliyyət proqramına qatılıblar. Tədqiqatçılar iştirakçıların proqramdan əvvəl və sonra beyinlərini MRT vasitəsilə müayinə ediblər. Bundan başqa, qan nümunələri də götürülərək maddələr mübadiləsi, immun sisteminin fəaliyyəti və hüceyrələrarası siqnal proseslərindəki dəyişikliklər araşdırılıb. Nəticələrdə beynin fasiləsiz düşüncə axını ilə əlaqələndirilən bəzi bölgələrində aktivliyin azaldığı müşahidə olunub. Tədqiqatçılar bunun beynin daha səmərəli fəaliyyət göstərməsi ilə əlaqəli ola biləcəyini bildirirlər.

Araşdırmanın daha diqqətçəkən nəticələrindən biri qan nümunələri ilə aparılan laboratoriya təcrübəsində ortaya çıxıb. İştirakçılardan proqramdan sonra götürülən qan plazması laboratoriyada yetişdirilən neyronlara tətbiq edilib. Bu hüceyrələrin daha uzun çıxıntılar əmələ gətirdiyi və daha çox əlaqə yaratdığı müşahidə olunub. Bu nəticə meditasiya proqramının beyinin uyğunlaşma qabiliyyəti ilə əlaqəli proseslərə, yəni neyroplastikliyə təsir göstərə biləcəyinə işarə edir. Lakin bunun insan beynində eyni şəkildə baş verdiyini təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac var. Bununla yanaşı, tədqiqatçılar iştirakçıların qanında həm iltihab, həm də iltihabəleyhinə siqnalların artdığını müəyyən ediblər. Alimlər bunu immun sisteminin daha mürəkkəb uyğunlaşma reaksiyası kimi qiymətləndirirlər.

Araşdırmanın müəlliflərindən olan Hemal Patelin sözlərinə görə, nəticələr meditasiya və digər zehin-bədən praktikalarının yalnız insanın özünü rahat hiss etməsi ilə bağlı olmadığını göstərir. Onun fikrincə, bu praktikalar beyində və qan vasitəsilə ölçülə bilən müxtəlif bioloji sistemlərdə dəyişiklik yarada bilər.

Meditasiya ilə psilosibin arasında oxşarlıq varmı?

Araşdırmada meditasiya zamanı beyində müşahidə olunan bəzi dəyişikliklərin psixodelik təcrübələrlə əlaqələndirilən proseslərlə müəyyən oxşarlıqlar göstərdiyi də qeyd olunur. Tədqiqatçılar xüsusilə psilosibinin təsiri zamanı müşahidə edilən beyindəki bəzi göstəricilər ilə meditasiya zamanı yaranan dəyişikliklər arasında paralellər müəyyən ediblər.

Qeyd edək ki, psilosibin “sehirli göbələklər” adlandırılan göbələk  növlərində olan psixoaktiv maddədir. Lakin bu nəticələr meditasiya ilə psilosibinin eyni təsirə malik olduğunu göstərmir. Sadəcə, bir-birindən çox fərqli iki təcrübənin beyində müəyyən ortaq prosesləri aktivləşdirə biləcəyinə işarə edir.

Tədqiqatın ən mühüm məhdudiyyətlərindən biri iştirakçıların sayının az, cəmi 20 nəfər olmasıdır. Bundan əlavə, proqramın bir neçə fərqli zehin-bədən praktikasını birlikdə əhatə etməsi hansı dəyişikliklərin məhz meditasiyadan qaynaqlandığını müəyyənləşdirməyi çətinləşdirir. Bu səbəbdən alimlər əldə olunan nəticələrin hər kəsə şamil edilməsi və ya meditasiya proqramının konkret xəstəliklərin müalicəsində effektiv hesab olunması üçün hələ kifayət qədər sübut olmadığını vurğulayırlar. Qeyd olunur ki, daha geniş və nəzarətli klinik tədqiqatlar aparılarsa, yeddi günlük intensiv meditasiya proqramının beyində və immun sistemində yaratdığı dəyişikliklərin uzunmüddətli olub-olmadığı və real sağlamlıq faydalarına çevrilib-çevrilmədiyi daha dəqiq müəyyənləşdirilə bilər.

Şahnigar Əhmədova, “İki sahil”