2026/2027-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən “İki sahil”ə bildirilib ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə Azərbaycan bölməsi üzrə 12 min 650, rus bölməsi üzrə 675, hər iki bölmənin birgə müsabiqəsi üzrə 6825 yer olmaqla, ümumilikdə 20 min 150 yer nəzərdə tutulur. Həmin yerlərdən 15 min 200-ü dövlət sifarişi əsasındadır.
I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 710 (o cümlədən Azərbaycan bölməsində 8610, rus bölməsində 360, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3740) yer ayrılıb. RK altqrupunda dövlət sifarişi əsasında 8905 plan yeri var.
Rİ altqrupu üzrə ümumilikdə 7440 ( o cümlədən Azərbaycan bölməsində 4040, rus bölməsində 315, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3085) yer ayrılıb. Rİ altqrupunda dövlət sifarişi əsasında 6295 plan yeri var.
Qeyd edək ki, kompüter elmləri ixtisası üçün 60, geologiya və geofizika mühəndisliyi ixtisası üçün 30, kimya mühəndisliyi ixtisası üçün 40, neft-qaz mühəndisliyi ixtisası üçün 30 və kimya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində Azərbaycan-Fransız Universitetinə qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.