15 avqust 2026 15:30
94

"Defense Express": Ukraynanın Samaradakı "Proqress" raket mərkəzinə zərbə endirdiyi ehtimal olunur

Ukrayna qüvvələri avqustun 15-nə keçən gecə Samarada "Soyuz" raketləri istehsal edən "Proqress" raket-kosmik mərkəzinə (RKM) zərbə endirmiş ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb.

Portalın məlumatına görə, yerli sakinlər Samara vilayətində raket təhlükəsi elan edildikdən sonra partlayış və güclü yanğın barədə məlumat veriblər. Yerli hakimiyyət orqanları adı açıqlanmayan sənaye obyektinin vurulduğunu inkar etməsələr də, zərbənin məhz "Proqress" RKM-ə endirilməsinin rəsmi təsdiqi yoxdur.

"Defense Express" qeyd edib ki, "Proqress" RKM Rusiyanın "Soyuz" ailəsinə aid daşıyıcı raketlərin, o cümlədən "Soyuz-2.1b" raketlərinin istehsal olunduğu əsas müəssisəsidir. Bu raketlər Rusiyanın hərbi peyklərinin, eləcə də Moskvanın "Starlink" sisteminin analoqu hesab etdiyi "Rassvet" layihəsi üzrə peyklərin buraxılmasında istifadə olunur.

İlkin qiymətləndirməyə görə, mümkün zərbə kompleksin əsas istehsalat sahəsinin yerləşdiyi və raketlərin yığılmasının yekun mərhələlərinin həyata keçirildiyi qərb hissəsinə endirilmiş ola bilər. Bununla yanaşı, nəşr vurğulayıb ki, hücumun nəticələrini təsdiqləmək üçün peyk görüntülərini gözləmək lazımdır.

"Defense Express"in qiymətləndirməsinə əsasən, əgər "Proqress" RKM-in vurulması təsdiqlənərsə, bu, Rusiyanın daşıyıcı raket istehsalı imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.