16 avqust 2026 20:16
134

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu gün Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci dünya çempionatının bağlanış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə dünya çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə yarışın növbəti ev sahibinə - Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü dünya çempionatının 15–19 sentyabr 2027-ci il tarixlərində Azərbaycanda keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub.

Həm builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq yarış Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bakıda keçiriləcək dünya çempionatında fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın lisenziya qazanma şansı olacaq, ona görə bu mundial gimnastların Olimpiya Oyunlarına vəsiqə əldə etməsi baxımından daha vacib mərhələlərdən biridir.

Beləliklə, Azərbaycan həm dünya çempionatına ev sahibliyi etməklə, həm də Olimpiya yolunda mühüm təsnifat mərhələsini qəbul etməklə dünya gimnastikasının diqqət mərkəzində olacaq.