Avqustun 18-də Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik yaşanıb. Bildirilir ki, guya Yunanıstanın hava məkanı 25 dəfə pozulub. Bunun qarşısını almaq üçün Yunanıstan qırıcıları havaya qaldırılıb və bir halda silah tətbiq edilmədən "yalançı hava döyüşü"baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat yayıb.

"Kathimerini" qəzeti Yunanıstan rəsmilərinə istinadla yazır ki, guya avqustun 13-də Yunanıstan Silahlı Qüvvələri ilin əvvəlindən bəri Türkiyə hərbi təyyarələri və pilotsuz uçuş aparatları (PUA) tərəfindən hava məkanının pozulması üzrə 433 hal qeydə alıb. İddia olunur ki, bu göstərici keçən ilin ümumi göstəricisindən iki dəfə çoxdur. Nəşr qeyd edib ki, Egey dənizi üzərində son üç ildə baş verməyən hava döyüşləri simulyasiyası ilə nəticələnən insidentlər yenidən bərpa olunub. Əsas dəyişikliklərdən biri də odur ki, pozuntuların böyük hissəsi artıq müxtəlif tipli PUA-lar tərəfindən törədilir.
Türkiyə BMT-nin Dəniz hüququ haqqında Konvensiyasını imzalamayıb. Həmin konvensiyaya əsasən, ölkələr öz ərazi sularını 12 dəniz milinədək genişləndirə bilərlər. 1995-ci ildə bu konvensiya Yunanıstan parlamenti tərəfindən ratifikasiya edilərkən Ankara bəyan etmişdi ki, əgər Yunanıstan Egey dənizində ərazi sularını 6 dəniz milindən 12 dəniz milinədək genişləndirərsə, bu, Türkiyənin milli suverenliyinin pozulması kimi qiymətləndiriləcək və "casus belli" (müharibə elan etmək üçün rəsmi səbəb) sayılacaq.
Eyni zamanda, Türkiyə adalar ətrafında Yunanıstanın 10 millik hava zonasını tanımır və hesab edir ki, Yunanıstanın hava məkanı da ərazi suları kimi 6 dəniz mili ilə məhdudlaşır.
İsrail kəşfiyyatı HƏMAS-ın yeni hücumlar hazırlaması barədə ABŞ-yə məlumat verib