İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (Şabak) direktoru David Zini və hərbi kəşfiyyatın rəhbəri Şlomi Binder ABŞ prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Jared Kushnerin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı HƏMAS-ın İsrailə qarşı yeni hücumlar planlaşdırdığına dair kəşfiyyat məlumatlarını təqdim ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla Al-Monitor portalı məlumat yayıb.
Həmçinin Zini və Binder bu həftə Kushneri məlumatlandırıblar ki, HƏMAS Qəzza zolağının nəzarətində olan hissəsində mövqelərini xeyli möhkəmləndirib. Kəşfiyyat rəhbərləri Amerika tərəfini inandırmağa çalışıblar ki, HƏMAS Qəzzada sülh tənzimlənməsi üzrə sazişin öz üzərinə düşən hissəsini yerinə yetirməyəcək. Bu məlumatlar əsasında İsrailin Baş naziri Binyamin Netanyahu Kushnerə bildirib ki, İsrail silahlı qüvvələri anklavdakı varlığını məhdudlaşdıra bilməz.
Al-Monitor-un mənbələrinin məlumatına görə, Netanyahu HƏMAS-ın könüllü şəkildə silahı təhvil verəcəyinə şübhə ilə yanaşıb.
Bundan əlavə, portalın məlumatına görə, danışıqlar zamanı Netanyahu HƏMAS-ın silahsızlaşdırılması prosesinin Sülh Şurası və onun himayəsi altında yaradılan sabitləşdirmə qüvvələri tərəfindən deyil, birbaşa ABŞ-nin nəzarəti altında həyata keçirilməsi zərurətini vurğulayıb.