Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı bu ölkənin mətbuatında xəbərlər, analitik yazılar və reportajlar yayımlanıb.
"Uza.uz" portalı rəsmi məlumatlarla yanaşı redaksiya şərhində vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr strateji müttəfiqlik müstəvisinə yüksəlir. Hazırkı dövrdə iqtisadi, siyasi, mədəni münasibətlər yüksələn dinamika ilə inkişaf edir və bu uğurun əldə edilməsində hər iki dövlətin prezidentlərinin əhəmiyyətli rolu mövcuddur.
"Gazeta.uz" nəşri hər iki dövlətin qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinin iqtisadi tərəqqi perspektivləri vəd etdiyini qeyd edib. Özbəkistan və Azərbaycanın iqtisadi potensialı bütün istiqamətlər üzrə səmərəli əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə şərait yaradır.
"Kun.uz news" isə səfər başlamazdan əvvəl yayımladığı materialda qeyd edib ki, rəsmi Daşkənd və rəsmi Bakı Avrasiya məkanında enerji, nəqliyyat, tranzit sahələrində sıx tərəfdaşlıq edən və bu tərəfdaşlıq münasibətlərini gələcəyə daşımaq potensialına sahib dövlətlərdir.
"Upl.uz" yazır ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev son beş il ərzində 15 qarşılıqlı səfər reallaşdırıblar. Bu görüşlər və aparılmış danışıqlar iqtisadi əməkdaşlığı tərəflər üçün faydalı müstəviyə gətirib və 2025-ci ildə ticarət dövriyyəsi 3 dəfədən artıq yüksələrək 795 milyon dollara çatıb. 2026-cı ilin ilk beş ayında isə 33 faizlik artım müşahidə olunub.
"Yuz.uz" internet resursunun materiallarında qeyd edilib ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində bir sıra birgə layihələrin icra edilməsi müzakirə olunur və sözügedən layihələr beynəlxalq xarakter daşıyır.
"Novo24.uz" portalı da Azərbaycan Prezidentinin səfərini ətraflı şəkildə işıqlandırıb. Bu sayt səfərdən öncə nəşr etdiyi yazıda diqqətə çatdırıb ki, özbək və Azərbaycan xalqları bənzər mədəniyyətə, dinə və milli-mənəvi dəyərlərə malikdirlər. Həmin ortaq dəyərlər hər iki dövlətin yaxın münasibətlər qurmasını və strateji müttəfiq olaraq çıxış etmələrini şərtləndirir.
"Dunyo.info" portalı Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini tarixi əhəmiyyət daşıyan hadisə adlandırıb, Prezident İlham Əliyevin möhtəşəm qarşılanma mərasimini yüksək qiymətləndirmişdir.
"Uznews.uz" portalı isə bildirmişdir ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev ikitərəfli münasibətlərin inkişafına böyük önəm verirlər. Nəqliyyat-tranzit, energetika və mədəni-humanitar sahələrdə qazanılan nailiyyətlər təsadüfi xarakter daşımır. Beş yüz milyon dollar həcmində təsis edilmiş birgə investisiya şirkətinin fəaliyyəti də uğurlu nəticələr göstərir.
"Nuz.uz" informasiya agentliyi isə bildirmişdir ki, regionda iqtisadi tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi yalnız Azərbaycan və Özbəkistana deyil, bütövlükdə Mərkəzi Asiya respublikalarına da fayda gətirəcəkdir.
"Daryo.uz" saytı vurğulayıb ki, Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard dollar səviyyəsinə çatdırmağı hədəf olaraq müəyyənləşdiriblər. Bu hədəfə çatmaq üçün hər iki ölkənin kifayət qədər potensialı var. İstər sənaye, istərsə də kənd təsərrüfatı sahələrində geniş imkanlara malik olan dost dövlətlər dövriyyəni artırmaq gücündədirlər.
"Report"
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir