24 avqust 2026 10:41
125

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi elan edib.

“İki sahil” xəbər verir ki,  DİM-dən bildirilib ki, ixtisaslaşma seçimi avqustun 24-dən 30-dək aparılacaq.

Boş qalan plan yerlərinə ixtisaslaşma seçiminə 2026-cı il fevralın 15-də, mayın 17-də və iyunun 14-də keçirilmiş magistraturaya qəbul imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar. Bəzi proqramlar üzrə isə müsabiqəyə qabiliyyət imtahanının nəticələri də nəzərə alınır.

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul olmuş, lakin müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmiş bakalavrların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etdikləri hesab olunur. Həmin bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirakı mümkün deyil.

Bakalavrlar boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 30-u saat 23:59-dək DİM-in internet saytında müvafiq səhifəyə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə daxil etməli və ərizəni təsdiqləməlidirlər.

Hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı DİM-in “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Nəşri, həmçinin www.abiturient.az saytı və “Wolt” tətbiqi vasitəsilə sifariş etmək olar. Jurnalın elektron versiyası PDF formatında www.abiturient.az saytında yerləşdirilib.