Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək strateji məzmun qazanıb. Siyasi etimad, iqtisadi maraqların uzlaşması, nəqliyyat və enerji layihələri, Türk dünyasında inteqrasiya prosesləri və regional təhlükəsizlik məsələləri iki ölkə əlaqələrini geniş geosiyasi kontekstə çıxarıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də məhz bu reallığı əks etdirir. Dövlət başçısının qeyd etdiyi fikirlər iki ölkə arasında münasibətlərin keçdiyi yolu, hazırkı mərhələsini və gələcək perspektivlərini kompleks şəkildə ortaya qoyur.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad münasibətlərin sürətli inkişafının əsas amillərindən biridir. Liderlər arasında müntəzəm görüşlər və qarşılıqlı səfərlər siyasi dialoqun davamlılığını təmin edir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi iki ölkənin siyasi rəhbərliyinin münasibətlərə verdiyi strateji əhəmiyyətin göstəricisidir.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsi ikitərəfli əlaqələrin ən mühüm siyasi nəticələrindən biridir. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri və 2025-ci ildə Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər bu prosesə hüquqi-siyasi məzmun verib. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm sənədlərdir. Bu münasibətlərin arxasında iqtisadi layihələr, qarşılıqlı investisiyalar, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, humanitar əlaqələr və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək dayanır.
Azərbaycan və Özbəkistanın əhali, sənaye, kənd təsərrüfatı, enerji və tranzit imkanları nəzərə alındıqda qarşılıqlı ticarətin daha yüksək səviyyəyə çatması üçün geniş potensial mövcuddur. 2026-cı ilin ilk beş ayında ticarət dövriyyəsinin daha 33 faiz artması isə bu dinamikanın davam etdiyinin göstəricisidir. Burada əsas məsələ yalnız ticarətin həcmini artırmaq deyil, onun strukturunu da dəyişməkdir. Xammal və hazır məhsul mübadiləsindən daha çox birgə istehsal, texnologiya, sənaye kooperasiyası və yüksək əlavə dəyər yaradan layihələrə keçid münasibətlərin yeni mərhələsini formalaşdıra bilər.
Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılması iki ölkənin iqtisadi münasibətlərində mühüm institusional yenilikdir. Belə bir mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, investisiya əməkdaşlığı ayrı-ayrı şirkətlərin təşəbbüsündən çıxaraq daha sistemli xarakter alır. Sənaye, kənd təsərrüfatı, logistika, turizm və digər sahələrdə yeni layihələrin maliyyələşdirilməsi iki ölkənin biznes mühitinin bir-birinə daha sıx bağlanmasına imkan yaradır. Bu proses qarşılıqlı investisiyaların artmasına, yeni istehsal müəssisələrinin yaradılmasına və iki ölkənin iqtisadiyyatları arasında daha sıx əlaqələrin formalaşmasına şərait yaradır. Dövlətimizin başçısı müsahibədə qeyd edib: “Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik”.
Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığı artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmır. İki ölkənin yaşıl enerji sahəsində əməkdaşlığı yeni strateji istiqamət kimi formalaşır. Azərbaycanın bərpaolunan enerji potensialı ilə Mərkəzi Asiyanın enerji imkanlarının əlaqələndirilməsi gələcəkdə regional enerji bazarının strukturuna ciddi təsir göstərə bilər. Xüsusilə bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə nəqli ideyası Cənubi Qafqazla Mərkəzi Asiyanı enerji baxımından daha sıx bağlamaq potensialına malikdir. Bu əməkdaşlıq Azərbaycanın enerji ixracatçısı kimi rolunun transformasiyasına da töhfə verəcəkdir. Prezident İlham Əliyev vurğulayıb: “Yaşıl enerji sahəsində əməkdaşlığımız davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb”.
İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki xalq arasında qardaşlığın konkret ifadəsidir. Eyni zamanda 100 hektarlıq “Dostluq bağı”nın yaradılması Azərbaycan və Özbəkistan arasında aqrar əməkdaşlığın simvolik nümunəsidir. Bu layihələr dost ölkənin Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsi prosesinə mənəvi və praktiki dəstəyinin ifadəsidir. Füzuli bu baxımdan iki xalqın gələcəyə yönəlmiş əməkdaşlığının təntənəsinə çevrilir.
Azərbaycan və Özbəkistanın münasibətlərini Türk dünyasının ümumi inkişaf prosesinin tərkib hissəsidir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvüdür və təşkilatın siyasi, iqtisadi və humanitar potensialının gücləndirilməsində mühüm rol oynayır. Azərbaycanın TDT çərçivəsində nəqliyyat və logistika imkanları, Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi və demoqrafik potensialı bir-birini tamamlayır. Bu iki ölkənin daha sıx əməkdaşlığı Türk dünyasının Şərqlə Qərb arasında iqtisadi əlaqələrinin möhkəmlənməsinə də xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakı regionlararası əlaqələr baxımından mühüm hadisədir. Əvvəllər “C5” formatında bir araya gələn Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq mexanizminə Azərbaycanın qoşulması faktiki olaraq “C6” formatının yaranmasına səbəb olub. Bu faktor Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi və iqtisadi əlaqələrin daha sistemli xarakter alması deməkdir. Azərbaycanın bu platformada iştirakı Xəzər dənizinin iki sahilində yerləşən regionların bir-birinə daha sıx əlaqələnməsinə imkan verir. Nəqliyyat dəhlizləri, enerji, ticarət, investisiya və humanitar əlaqələr bu yeni regional əməkdaşlığın əsas amilidir.
Azərbaycan və Özbəkistan münasibətlərinin hazırkı səviyyəsi gələcək üçün kifayət qədər geniş imkanlar yaradır. Ticarət dövriyyəsinin daha da artırılması, yeni sənaye müəssisələrinin yaradılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması, nəqliyyat əlaqələrinin gücləndirilməsi və turizm əlaqələrinin inkişaf etdirilməsi qarşıdakı dövrün əsas istiqamətləri olacaqdır. Bununla yanaşı, təhsil, elm, media, mədəniyyət və gənclər arasında əlaqələrin genişləndirilməsi siyasi və iqtisadi tərəfdaşlığın sosial bazasını daha da gücləndirəcəkdir.
Ən mühüm məsələ isə əldə olunan nəticələrin davamlı mexanizmlərlə təmin edilməsidir. Ali Dövlətlərarası Şura, Hökumətlərarası Komissiya, İnvestisiya Şirkəti, biznes forumları və digər platformalar bu baxımdan mühüm rol oynayır. Azərbaycan–Özbəkistan münasibətləri bu gün tarixi qardaşlığın müasir geosiyasi və iqtisadi reallıqlarla birləşdiyi nümunəvi əməkdaşlıq modelidir. Bu münasibətlərin əsasını xalqların tarixi yaxınlığı, qarşılıqlı rəğbət, ortaq türk irsi, iqtisadi maraqların uzlaşması və regional proseslərə dair oxşar strateji baxış təşkil edir. Bakı–Daşkənd xətti getdikcə geniş regional əməkdaşlığın, Türk dünyasının inteqrasiyasının və Şərqlə Qərb arasında yeni əlaqələrin mühüm strateji komponentlərindən birinə çevrilir.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı
Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının yeni güc mərkəzini formalaşdırır
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır