Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikində uğurlarımıza söykənərək perspektivləri açıqlayır
“Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.” Dövlətimizin başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikində əsaslı şəkildə diqqətə çatdırdığı bu fikirlər 2016-cı ilin nəticələri fonunda 2017-ci ildə görüləcək işlərin, atılacaq addımların aydın ifadəsini yaradır. Qeyri-neft sektorunun inkişafı yenə də prioritetdir. İstər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, istərsə də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Prezident Fərmanı qarşıdakı illərin əsas hədəflərinə işıq salır. Müxtəlif istiqamətlər üzrə, o cümlədən milli iqtisadiyyatın perspektivi ilə bağlı yol xəritəsinin hazırlanması, ən əsası Azərbaycanı 2020-ci ilə qədər inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək istəklərimiz hərtərəfli inkişafın dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirir. Cənab İlham Əliyev “Biz daim irəliyə baxmalıyıq” tezisi yeni-yeni hədəflərə yol açır və onların gerçəkləşdirilməsi istiqamətində ciddi addımların atılmasını şərtləndirir. “Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, düşünülmüş siyasət, gərgin iş nəticəsində qarşıya qoyulan məqsədləri reallığa çevirəcəyik. Nazirlər Kabinetinin hər bir iclasında da dövlətimizin başçısının əsas diqqət göstərdiyi məsələ biznes mühitinin yaxşılaşdırılması, inkişafa mane olan bütün əngəllərin, süni maneələrin aradan qaldırılması üçün görülməsi tələb olunan tədbirlər olmuşdur.
Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın dayanıqlı inkişafına, bir sektordan - neft-qaz sektorundan asılı olmamasına imkan verir. Cənab İlham Əliyev çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, ən sabit, iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Son 13 ildə keçilən yola diqqət yetirdikdə təkmil islahatların ölkəyə qazandırdığı uğurların miqyasının nə qədər geniş olduğunu görərik. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması son ilin əsas hədəflərindəndir. Regional inkişaf proqramlarının, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası məhz bu məqsədə xidmət edir. Qeyri-neft sektorunun inkişafı iqtisadi inkişafın hərəkətverici sahəsi kimi dəyərləndirilir. “Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bunu da bildirir ki, iqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar bizim seçdiyimiz yoldur. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik. Məhz bu məqsəddən irəli gələrək, cənab İlham Əliyev Nazirlər Kabinetinin hər bir iclasında azad sahibkarlığın inkişafına xüsusi diqqət yönəldir, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti orqanlara tapşırıqlarını verir, bu sahənin inkişafı ilə bağlı biri-birindən əhəmiyyətli sənədlər imzalayır.
Aparılan iqtisadi islahatların əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi dayanır. Dünyanın heç bir ölkəsində iqtisadi və maliyyə böhranı dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılmayıb. Ölkə Prezidentinin ötən il ayrı-ayrı sahələrdə çalışanların əmək haqlarının, eyni zamanda pensiyaların, sosial müavinətlərin artırılması istiqamətində imzaladığı fərman və sərəncamlar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Bir daha bu həqiqət özünü təsdiqlədi ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. Bu gün ölkədə yoxsulluq və işsizliyin 5 faiz səviyyəsində olması da uğurlu sosial-iqtisadi siyasətə əsaslanır. Ölkə Prezidentinin Yeni il təbrikində də bu məqam qeyd edilir: “2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilmişdir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artmışdır.”
Cənab İlham Əliyev dünyanı bürüyən maliyyə və iqtisadi böhran dövründə bütün çətinliklərə baxmayaraq Azərbaycanın 2016-cı ildə də inamla inkişaf etdiyini bildirir: “Bir daha qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik.” Bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi inkişaf dövrünü yaşayır. Ölkə Prezidentinin bölgələrə hər səfəri yeni müəssisələrin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. “Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət, əlbəttə, hər bir rayon sakini istəyir ki, onun rayonu daha da gözəl, abad və inkişaf etmiş olsun. Biz bu meyilləri gücləndiririk və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin mütləq əksəriyyəti bölgələrin inkişafına yönəldilib” söyləyən ölkə Prezidenti bildirir ki, bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi daim qeyd edildiyi kimi, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu