Dövlət Məşğulluq Agentliyi vətəndaşların sosial rifahı üçün önəmli layihələr reallaşdırır
Böyük türk şairi Nazim Hikmətdən soruşublar ki, xoşbəxtlik nədir? Cavab verib ki, səhərlər sevinclə işə getmək və axşam eyni sevinclə evə qayıtmaqdır. Bəli, məhz, insanın ən böyük hüzuru, rifahı onun işidir, faydalı əmsalla məşğul olduğu əməkdir. Necə deyərlər, canın sağlamdırsa və həyatını yaxşılaşdıracaq bir məşğuliyyətin varsa demək, zənginliyin, həm də hərtərəfli zənginliyin astanasındasan. Əvvəldə qeyd etdimiz kimi, məşğulluq həmişə sosial rifahda vacib vasitə olub. Bu mənada, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi insanlarımızın rifahı üçün dövlət layihələrini icra etməklə vətəndaşlarımıza yeni yaşamaq ruhu bəxş edir. Yəni, bu qurum tərəfindən aktiv məşğulluq proqramlarının son illər xeyli genişlənməsi, məşğulluq xidmətlərində innovativ həllərin getdikcə daha geniş tətbiqi vətəndaş rifahına ciddi dəstək rolu oynayır.

Agentliyin mətbuata açıqlamasında bildirilir ki, qurum tərəfindən işlə təmin edilənlərin sayı 2023-cü ilə nisbətən 2024-cü ildə 118 mindən 42 min artaraq 160 minə, peşə hazırlığına cəlb edilənlərin sayı 9,5 mindən 6,1 min artaraq 15,6 minə çatıb. Burada diqqət yetirləcək məqam odur ki, 2025-ci ildə Agentlik aktiv məşğulluq tədbirlərinə cəlb etdiyi şəxslərin sayı 2024-cü ildəki 396,7 mindən 70 mindən çox artaraq 567 minə, o cümlədən işlə təmin etdiyi şəxslərin sayı 29 min artaraq 160 mindən 189 minə yüksəlib. Yəni, qurumun işlə təmin etdiyi şəxslərin illik sayında cəmi iki illik dövrdə 62 faiz və ya 71 min nəfər artım olub.
Agentliyin məlumatında xüsusi qeyd edilir ki, məşğulluq sahəsində innovativ həllərin sayı da xeyli artıb. Belə ki, ötən ildə «Əmək və Məşğulluq» altsistemində (ƏMAS) «İşədüzəlmədə vasitəçilik», «İşsizlikdən sığorta ödənişi», «Kvota», «Peşə hazırlığı» və s. modullar üzrə bir sıra yeni funksionallıqlar yaradılıb. 2025-ci ildə Agentlik peşəyönümü və karyera planlamasına dəstək göstərən yeni mühüm e-platformasını - Mərkəzi Karyera Portalını istifadəyə verib. Eyni zamanla, işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün prosesləri tam elektronlaşdırıb. Məşğulluq xidmətləri sahəsində süni intellektin tətbiqi istiqamətində yeni layihələr hazırlanıb. Bu layihələr əsasən işaxtaran şəxslərin əmək bazarında daha düzgün istiqamətlənməsinə və vakansiyalara çıxış imkanlarının artmasına hədəflənib. Qurum işəgötürənlərlə əməkdaşlıq təcrübəsini daha da inkişaf etdirməklə, ötən il və bu il kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi, məqsədli proqramlar və s. kimi yeni layihələrə başlayıb.

Digər mühüm istiqamət isə son bir ildə inklüziv məşğulluğa dəstək məqsədli «Sosial notlar» və «Biznesin sədası» kimi yeni layihələrə də start verilib. 2026-cı ildə həmin istiqamətdə daha geniş əhatəliliyə malik olan, əlilliyi olan və digər həssas qrupların 9 istiqamət üzrə kiçik biznes qurmalarına dəstək məqsədi daşıyan «İnkülziv məşğulluq» layihəsinə başlanılacaq. 2025-c ildə Agentlik tərəfindən icrasına başlanan yeni «Həvəsləndirmə mükafatları» layihəsi isə özünüməşğulluq proqramı üzrə kiçik bizneslərini uğurla quran və inkişaf etdirən şəxslərə bizneslərini daha da genişləndirməyə dəstək verir.
Burada digər mühüm məsələ «İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi» proqramının daha da genişləndirilməsidir. Məhz cari ilin birinci yarımilində həmin proqram üzrə 200-dək işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 1000-dən çox şəxs işlə təmin edilib. Bu il mühüm proqramlardan biri kimi, Agentlik «Azərbaycandan işçi qüvvəsinin ixracı» layihəsinə də başlayıb. Layihə xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyənlərə bu sahədə önəmli dəstək rolu oynayır. Həmçinin özünüməşğulluq proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri sırasına 2025-ci ildə daha beş yeni zərf əlavə edilib. Eyni zamanda, digər zərflərin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Ötən il ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modelinin (proqram üzrə oxşar-əlaqəli iqtisadi fəaliyyət növləri üzrə aktivlər verilmiş şəxslərin eyni məkanda fəaliyyət göstərməsi) tətbiqinə başlanıb.
Dövlət Məşğulluq Agentliyi erməni işğalından azad olunmuş ərazilərdə məşğulluğun təminatı istiqamətində davamlı tədbirlər həyata keçirir. Keçmiş məcburi köçkünlərin işlə təminatı, onların yeni peşələrə yiyələnməsi, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərinin qurulması istiqamətlərində mühüm addımlar atılır.
Ümumiyyətlə, Agentliyin çağdaş dövrlə uzlaşan və beynəlxalq aləmdə müsbət qarşılanan islahatlarının nəticəsi olaraq 2025-ci ildə və bu ilin ötən dövründə qurum 20-dək beynəlxalq mükafat və sertifikata layiq görülüb. Eyni zamanda, Agentlik 2025-ci ildə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.
Elçin Zaman, "İki sahil"