Balaxanı Sənaye Parkında sahibkarlar üçün geniş qazanc imkanları yaradılıb

Belə bir məşhur deyim var: daşdan pul çıxaranlar… Artıq buna həmahəng olan yeni deyim də yaranıb- zibildən pul qazananlar…Bəli, məhz paytaxtımızda və ölkəmizin digər iri şəhərlərində qurulan və təkmilləşdirilən tullantıların idarə olunması müəssisələri ən müasir dəzgahlar və avavadanlıqlarla təchiz olunaraq zibillərin təkrar emalından milyonlar qazanırlar. Xüsusilə Bakı şəhərində bu prosesi reallaşdıran «Təmiz Şəhər» Açıq tipli Səhmdar Cəmiyyətidir (ASC). ASC tullantıların toplanması, zərərsizləşdirilməsi və təkrar emalı istiqamətində kompleks fəaliyyətdədir. Yəni, buradakı müasir texnologiyalar təkcə tullantıları yox etmir, həm də onları yararlı hala gətirərək iqtisadi dəyərə çevirir.

ASC 2025-ci il də Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının təxminən 1 milyon tona qədərini Balaxanı bərk məişət tullantılılarının çeşidlənməsi zavodunda, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda, Bakı bərk məişət tullantılarının yandırılması zavodunda və Balaxanı Sənaye Parkında müasir üsullarla zərərsizləşdirib. Burada digər önəmli məsələ ətraf mühitin mühafizəsi üçün bərk məişət tullantılarının düzgün idarə edilməsidir.
Xatırladaq ki, 2012-ci ildən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu fəaliyyətə başlayıb. Zavodun fəaliyyəti tullantıların ümumi həcminin azalmasına, təbii resurslara, enerjiyə qənaət olunmasına, «yaşıl biznes»in genişlənməsinə və ətraf mühitin mühafizəsinə xidmət edir. Müəssisənin son 5 illik fəaliyyəti nəticəsində burada 29,5 min ton karton, 3,7 min ton metal, 3,5 min ton pet butulka və 2,8 min tondan çox şüşə təkrar emala yönəldilib. 2017-ci ildən fəaliyyətə başlayan Balaxanı Sənaye Parkında isə plastik tullantılardan meyvə taraları, qapı və arakəsmə istehsalı, işlənmiş mühərrik yağlarından sürtkü yağı, işlənmiş qida yağından biodizel üçün xammal istehsal edilir. Bundan əlavə, polietilen tullantıların emalından qranul istehsalı, kraft kağızdan çanta istehsalı kimi 20-dən çox çeşiddə yeni məhsullar əldə olunur. Balaxanı Sənaye Parkının fəaliyyətə başladığı vaxtdan indiyə qədər 1400-dən çox yeni iş yeri yaradılıb, 416 milyon manat dəyərində məhsul istehsal edilib və bunun 32 milyon manat həcmində olan hissəsi ixrac edilib.

Bundan başqa , gücü 500 min ton olan bu təsərrüfat sahəsində tullantıların yandırılması nəticəsində il ərzində 200 milyon kVt/saatdan çox elektrik enerjisi əldə olunur və bu da təxminən 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək deməkdir. 2012-ci ildən fəaliyyət göstərən müəssisədə indiyə qədər 5 milyon tondan artıq bərk məişət tullantısı yandırılıb. Bu gün Balaxanı Sənaye Parkında 28 rezident fəaliyyət göstərir. Digər önəmli fakt isə odur ki, tullantıların təkrar emalı ilə məşğul olmaq məqsədilə istehsal sahələrinə 57 milyon manat həcmində investisiya yatırılıb.
Burada fəaliyyət göstərən rezidentlər tullantıların azaldılmasına nail olduqları və «yaşıl iqtisadiyyatın» inkişafına töhfə verdikləri üçün 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən, eyni zamanda istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar üzrə ƏDV-dən və idxal rüsumundan azad edilirlər. Bu isə o deməkdir ki, Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı ilə məşğul olmaq istəyənlər üçün əlverişli biznes fəaliyyəti mövcuddur.

Son bir neçə ildə «Təmiz Şəhər» ASC nəqliyyat vasitələrinin utilizasiyası proqramı ilə də məşğuldur. Belə ki, 2024-cü ilin oktyabr ayından indiyə qədər istismar müddəti başa çatan və istifadəyə yararsız 22 min 662 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib. Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 1233 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 1 milyon manata yaxın birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib. Həmçinin 2025-ci ildə ASC- də təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsini reallaşdıran Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi də fəaliyyətə başlayıb. Burada B və C kateqoriyalarına aid tibbi tullantılar müasir avadanlıqlarda zərərsizləşdirilərək təhlükəsiz hala gətirilir.
Elçin Zaman, "İki sahil"
Çin İkinci Dünya Müharibəsinin yekunlarına yenidən baxılması cəhdlərinə qarşı çıxacaq
Nazirlər Mertsə Rusiyaya qarşı tələsik ittihamlar irəli sürməməyi məsləhət görüblər