07 sentyabr 2026 10:15
118

Süni intellekt müəllimləri ƏVƏZ EDƏCƏK?

Avstraliyadakı universitetlərdən birində iki məcburi psixologiya fənninin tədris prosesinə süni intellekt əsaslı çatbotun daxil edilməsi akademik müzakirələrə səbəb olub. Universitet bu texnologiyanın müəllimləri əvəz etmədiyini bildirsə də, bəzi tələbə və akademiklər süni intellektin təhsildə getdikcə daha çox rol almasının mənfi nəticələrindən narahatdırlar.

Macquarie Universitetinin hazırladığı "Virtual Peer" adlı çatbot tələbələrin dərs prosesində onlarla qarşılıqlı əlaqə qurur, suallar verir və müxtəlif ssenarilər əsasında hazırlanmış tapşırıqlarda onlara istiqamət göstərir. Universitet isə bildirir ki, süni intellekt sistemi ənənəvi tədrisin alternativi kimi nəzərdə tutulmayıb. Çatbotla qarşılıqlı fəaliyyət könüllü xarakter daşıyır, tələbələrdən eyni zamanda, onlayn materialları oxumaq, testlər və videolar vasitəsilə dərs proqramını mənimsəmək tələb olunur. Tələbələrin biliyi isə ayrıca tədqiqat işləri və imtahanlar vasitəsilə qiymətləndirilir.

Universitet 2027-ci ildən sinifdə ənənəvi tədrisi yenidən tətbiq etməyi planlaşdırır. Buna əsasən, əyani və onlayn dərs formatlarının müxtəlif semestrlərdə növbəli şəkildə keçirilməsi nəzərdə tutulur. Bununla belə, iki fənnin ikinci semestr üçün onlayn formata keçirilməsi tələbələr arasında narazılıq yaradıb. Belə ki, həmin fənlər əvvəlki aylarda ənənəvi, yəni müəllimin auditoriyada iştirakı ilə tədris olunurdu.

Adının açıqlanmasını istəməyən tələbələrdən biri təhsil proqramındakı problemlər səbəbindən fənnin onlayn versiyasını seçməyə məcbur qaldığını və özünü "zərərçəkmiş" kimi hiss etdiyini bildirib: "Qrup müzakirəsi və ya müəllimin dərs keçməsi əvəzinə, robotla həyata keçirilən dərs fəaliyyəti var. Sanki müəllimlərimin işini necə əllərindən alacağını həmin robota mən öyrədirəm".

Əvvəllər onlayn dərslər çərçivəsində ödənişli akademiklər tərəfindən keçirilən, iştirakın könüllü olduğu həftəlik "Zoom" dərsləri təşkil edilirdi. Hazırda isə "Virtual Peer" əsas tədris vasitələrindən birinə çevrilib, rəqəmsal dərs materialları və videolar isə bu prosesi tamamlayır.

Macquarie Universiteti çatbotun müəllimlərlə əməkdaşlıq şəraitində hazırlandığını və məqsədinin akademikləri əvəz etmək deyil, onların fəaliyyətini dəstəkləmək olduğunu vurğulayır. Universitetin məlumatına görə, sistemdən istifadə edən akademiklər çatbotun əsaslandığı materialları təqdim edir və onların düzgünlüyünü yoxlayırlar. Bu isə sistemin ümumi məqsədli süni intellekt platformalarından fərqli olaraq konkret tədris mövzularına uyğunlaşdırılmasına imkan verir.

Avstraliyada süni intellektin tədris prosesinə inteqrasiyası yalnız Macquarie Universiteti ilə məhdudlaşmır. Sidney Universiteti də yüzlərlə akademikin çatbotlardan və ssenari əsaslı öyrənmə sistemlərindən istifadə etdiyi, təhsil məqsədli generativ süni intellekt platforması "Cogniti"nin tətbiqini genişləndirir. Bildirilir ki, universitet bu sistemi Avstraliya, Yeni Zelandiya və Niderlanddakı digər təhsil müəssisələrinin də istifadəsinə təqdim edib. Lakin süni intellektin tədris prosesində daha çox məsuliyyət və funksiyanı öz üzərinə götürməsi ehtimalı universitet əməkdaşları arasında narahatlıq yaradır.

Macquarie Universitetinin akademiki Alison Barnes hesab edir ki, bu narahatlıqlar yalnız ayrı-ayrı universitetlərlə bağlı deyil. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin əməkdaşları onsuz da ciddi iş yükü problemi ilə üz-üzədirlər və mövcud çatışmazlıqları süni intellekti mərhələli şəkildə tədrisə daxil etməklə aradan qaldırmağa çalışmaq gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər. Bu yanaşma təhsil sahəsində yeni bir sualı gündəmə gətirir: Süni intellekt müəllimin köməkçisi olaraq qalacaq, yoxsa gələcəkdə onun tədris prosesindəki rolunu tədricən öz üzərinə götürəcək?

Şahnigar Əhmədova, "İki sahil"