06 sentyabr 2026 23:29
88

Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil

Şəhidin adı o adın ucalığına uyğun əbədiləşdirilməlidir. Şəhidin əziz xatirəsinə memorial kompleks, bulaq inşa etmək, adını məktəblərə, küçə və meydanlara, park və xiyabanlara, müxtəlif müəssisələrə vermək daha layiqli, daha məqsədəuyğun addımdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə Qazıyeva söyləyib.

İxtisasca ibtidai sinif müəllimi işləyən, bu günə kimi yüzlərlə gəncin yetişməsində müstəsna xidmətləri olan Südabə Qazıyeva deyib: “Cıdır düzündə, qəhrəman oğulların qanları axa-axa sədləri aşaraq tarix yazdıqları, baş tacımız Şuşaya qədəm qoyduqları ərazilərdə daş, qaya və digər yerlərə adların yazılması qətiyyən doğru deyil. Görəsən həmin qayalara, daşlara yaxınlaşıb kimsə onları yaxından seyr edibmi? Orada güllə dəlikləri, əsgər ayaqlarının, barmaqlarından axan qanların izləri hələ də qalmaqdadır. Üzərindən aylar, illər keçsə də analar Cıdır düzünə övladının qoxusunu duymaq, qız-gəlinlər qardaş və həyat yoldaşının qürurlu duruşunu seyr etmək üçün gəlir və gələcək”.

Vətən Müharibəsi Qəhrəmanın anası onu da əlavə edib ki, 30 ildə minlərlə şəhidimiz olub. Onda gərək hər kəs o daş-qayaya bir ad yaza, bir işarə qoya ki, bu da heç bir məntiqə, heç bir şəhid ruhuna xoş olmayan addımdır.

“Şəxsən mən övladımın adının ona layiq olmayan məkanlarda anılmasına, yazılmasına qarşıyam. Oğlum son damla qanını axıdaraq Vətənin tarixinə adını qanla yazıb. Onun ucalığına layiq olmayan hər bir hərəkətə etirazımı bildirirəm”, - deyə Südabə Qazıyeva bir daha son məsələlərə sərt etirazını bildirib. O, şəhidlərimizin qəhrəmanlığının uşaq bağçaları-körpələr evində, məktəblərdə, bir sözlə təhsil ocaqlarında təbliğ olunmasının ən düzgün qərar olduğunu deyib.

Südabə Qazıyeva, həmçinin vurğulayıb ki, bu illər ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin, qazilərin yanında olub, onların qayğılarının həlli istiqamətində lazım gələn addımları atıblar.