07 sentyabr 2026 01:19
93

“Oğuz rayonu və tanınmış insanları” təqdim olunub

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Oğuz xəbərləri” qəzetinin redaktoru Nazim Hüseynlinin Oğuz rayonunun təşkil olunmasının 95 illiyinə həsr etdiyi “Oğuz rayonu və tanınmış insanları” adlı kitabının təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin əvvəlində Vətən uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Oğuz bölməsinin sədri, tədbirin moderatoru Vüsal Oğuz qeyd edib ki, indiyədək Oğuz rayonu ilə bağlı bir sıra kitablar çap olunsa da, həmin nəşrlərin heç birində rayonun keçmişi, bugünkü inkişafı, müxtəlif sahələri və tanınmış insanları barədə ətraflı məlumatlar vahid mənbədə toplanmayıb.  Kitabda rayonun keçdiyi tarixi yol, bugünkü inkişafı, Prezident İlham Əliyevin Oğuz rayonuna səfərləri, Oğuzun Sloveniyanın Nova Qoritsa şəhəri ilə qardaşlaşması, 44 günlük Vətən müharibəsində oğuzluların iştirakı, şəhidlərimiz, Oğuzun tanınmış insanları, rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin yaranması və inkişaf yolu ilə bağlı ətraflı məlumatlar əks olunub.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov kitabın müəllifinə rayonun təşkil olunmasının 100 illiyinə həsr olunmuş belə bir nəşrin hazırlanmasına görə təşəkkürünü bildirib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin Oğuz rayonuna səfərləri çərçivəsində həyata keçirilən tədbirlər, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində, respublikamızın hər yerində olduğu kimi, Oğuz rayonunda da böyük nailiyyətlər əldə edilib və rayon abad yaşayış məskənlərindən birinə çevrilib.

Kitabın müəllifi Nazim Hüseynli təqdimat mərasiminin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Məlumat verib ki, kitab beş bölmədən ibarətdir. Nəşrin birinci bölməsində “Oğuz rayonu: faktlar və rəqəmlər”, “Oğuz rayonu haqqında məlumat” və digər yazılar təqdim olunur. Tədbirdə qeyd edilib ki, 2030-cu ildə Oğuz rayonunun təşkil olunmasının 100 ili tamam olacaq. Həmin yubiley ərəfəsində kitabın təkrar nəşrinin həyata keçirilməsi, nəşrin daha da təkmilləşdirilməsi və əlavə məlumatlarla zənginləşdirilməsi vacibdir.

Daha sonra müəllif qələmə aldığı kitabları imzalayaraq tədbir iştirakçılarına təqdim edib.

Sonda kitabın müəllifi Nazim Hüseynliyə Oğuz Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsi, “Şəki Ensiklopediyası” MMC-nin fəxri fərmanı və “Xudafərin” jurnalının təqdirnaməsi təqdim olunub.