07 sentyabr 2026 22:35
107

Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır

ABŞ bu qış Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılması və hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Axios"a müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukrayna sentyabr-oktyabr aylarında münaqişənin həlli üzrə diplomatik prosesi bərpa etmək istəyir. Qeyd olunub ki, mümkün platformalardan biri sentyabrın sonlarında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası ola bilər. Zelenski həmçinin Ukrayna, ABŞ və Rusiya arasında yeni üçtərəfli görüşün keçirilməsi ehtimalını istisna etməyib, lakin konkret razılaşmaların olmadığını diqqətə çatdırıb: "Danışıqlar aparmağa istənilən yolu tapmaq üçün bizim sentyabr və oktyabr aylarımız var. Dialoq olmadan nəticəmiz olmayacaq".

Ukrayna liderinin sözlərinə görə, ABŞ hazırda bu qış gərginliyin azaldılması ilə bağlı razılaşmaların imkanını da araşdırır. Lakin Zelenski bu varianta nikbin yanaşmır və iddia edir ki, Moskva Ukraynaya daha güclü zərbə endirmək və onu yeni güzəştlərə getməyə məcbur etmək üçün qışdan istifadə etmək niyyətindədir. Bununla yanaşı, o qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın nüfuzu münaqişənin nizamlanmasında həlledici rol oynayar, çünki bu, seçkilərdən əvvəl Ağ ev liderinin diplomatik qələbəsi ola bilər.