08 sentyabr 2026 11:20
123

Nazir müavini: İqlim dəyişmələrinin fəsadları təhlükəli hadisələrin artması və şiddətlənməsi ilə müşahidə edilir

Hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyaya və yeni imkanlara keçid edir. Bu istiqamətdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” önəmli bir sənəddir. Belə ki, strategiyanın icrası ölkədə bütünlüklə süni intellektin inkişaf və tətbiqini sürətləndirəcək. Həmçinin daha sistemli yanaşma formalaşacaq və innovasiyaların, yeni texnologiyaların tətbiqi üçün əlverişli mühit yaradacaq.

“İki sahil” xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzulu panel sessiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

“Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, iqlimlə bağlı 24 saat öncə verilən xəbərdarlıq itkiləri, zərəri 30 faizədək azalda bilər. Son dövrlər iqlim dəyişmələrinin fəsadları qlobal iqlim böhranında təhlükəli hadisələrin artması və onların daha da şiddətlənməsi ilə müşahidə edilir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Panelinin sonuncu hesabatında bildirilib ki, aşağı və orta gəlirli ölkələrdə, xüsusilə şəhər ərazilərində iqlim risklərinə həssaslıq daha da yüksəlir. Avropada amomal istilər, Nepalda dağıdıcı sellər vəziyyətin nə dərəcədə vacib olduğunu göstərir”, - deyə o qeyd edib.

“Ölkəmizdə də iqlim riskləri müşahidə edilir. Belə ki, avqust ayının son günündə bir sutka ərzində 5 aylıq normada yağıntı düşüb. Nəticə olaraq erkən xəbərdarlıq – sadəcə informasiya değil, insan itkisindən xilas edən və infrastruktura dəyən zərəri azaldan mühüm bir vasitədir”, - deyə nazir müavini bildirib.