Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi, vahid yanaşmanın formalaşdırılması və rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib.
Məhkəmə Ekspertlərinin Reyestri məhkəmə ekspertləri haqqında məlumatların vahid məlumat bazasında toplanmasını, sistemləşdirilməsini və ictimaiyyət üçün əlçatanlığını təmin edən elektron informasiya resursudur. Reyestr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır, aparılır və idarə olunur.
Reyestrin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları” ilə tənzimlənir.
Hazırda Reyestr fəaliyyət göstərir və Ədliyyə Nazirliyinin (justice.gov.az), eləcə də Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin (expert.gov.az) rəsmi veb-saytlarında yerləşdirilib.
Reyestrdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertləri barədə məlumatlar əks olunur. Müdafiə Nazirliyinin məhkəmə ekspertlərinə dair məlumatların Reyestrə daxil edilməsi üzrə işlər davam etdirilir. Həmçinin ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanıldıqda müvafiq şəhadətnamə almış özəl məhkəmə ekspertləri barədə məlumatlar da Reyestrə daxil ediləcək.
Reyestrdə məhkəmə ekspertlərinin ad, soyad və ata adı ilə yanaşı, təhsili, ixtisası, attestasiyası, iş stajı, şəhadətnamələri və peşə fəaliyyəti ilə bağlı digər məlumatlar yer alır. Bu isə ekspertlərin peşə hazırlığı və səlahiyyətləri barədə etibarlı məlumat əldə edilməsinə, habelə məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və etimadın artırılmasına xidmət edir.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, yalnız Reyestrə daxil edilmiş şəxslər məhkəmə eksperti qismində fəaliyyət göstərə bilərlər. Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Reyestr vasitəsilə məhkəmə ekspertləri barədə məlumatların (ixtisasları, şəhadətnamələrinin qüvvədə olub-olmaması və s.) axtarışı və əldə olunması elektron qaydada həyata keçirilir.
Məhkəmə Ekspertlərinin Reyestrinin istifadəyə verilməsi məhkəmə ekspertizası sahəsində şəffaflığın artırılmasına, ekspert fəaliyyətinə ictimai etimadın möhkəmləndirilməsinə, habelə vətəndaşların və aidiyyəti qurumların məhkəmə ekspertləri barədə məlumatlara operativ çıxışının təmin edilməsinə xidmət edir.
Məhkəmə Ekspertlərinin Reyestri ilə linkə keçid edərək tanış olmaq mümkündür.
ADRA ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusunu demontaj edib FOTOLAR