12 sentyabr 2026 08:57
74

İraq "Şələmçə" sərhəd-keçid məntəqəsini bağlayır

İraq hakimiyyəti Səudiyyə Ərəbistanındakı neft kəmərinə edilən hücumdan sonra ehtiyat tədbirləri çərçivəsində İranla "Şələmçə" sərhəd-keçid məntəqəsini bağlayır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. "İraq hakimiyyəti Səudiyyə Ərəbistanına edilən son hücumlardan sonra ehtiyat tədbiri olaraq İranla sərhəddəki "Şələmçə" sərhəd-keçid məntəqəsinin bağlanmasını əmr edib", - agentliyin məlumatında deyilir. Hazırda Səudiyyə Ərəbistanına hücumda günahkar olanların axtarışı üzrə genişmiqyaslı əməliyyat həyata keçirilir.

Ər-Riyad daha əvvəl bildirib ki, Hörmüz boğazından yan keçməklə şərq yataqlarından ölkənin qərbindəki limanlara neftin nəqli üçün onun ərazisində inşa edilmiş neft kəməri İraqdan pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalıb, onun fəaliyyəti dayandırılıb. İraqın Baş naziri Əli əl-Zaidi şənbəyə keçən gecə Səudiyyə Ərəbistanındakı neft kəmərinə endirilən zərbə ilə bağlı dərhal təhqiqata başlanılması və dronları kimin buraxdığının müəyyən edilməsi barədə göstəriş verib.